Jurnal haqqında

 

 

1.ÜMUMİ MƏLUMAT

 “Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” jurnalı (əvvəlki adı – “Naxçıvan Müəllimlər İnstitutun Xəbərləri”) 2004-cü ildə Naxçıvan Müəllimlər İnstitutu tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır (№ 1158).

Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alınmışdır (ISSN – 2303-9116).

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına pedaqogika və tarix elmləri üzrə daxil edilmişdir. Hazırda jurnalda institut Elmi Şurasının 30 yanvar 2019-cu il tarixli, 06-№-li qərarı əsasında Pedaqogika,  Psixologiya, Tarix, Filologiya (dilçilik və ədəbiyyatşünaslıq), Riyaziyyat və informatika, Biologiya və İncəsənət  bölmələri üzrə də məqalələr nəşr edilir.

 

2.JURNALIN MƏQSƏDİ

 “Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” jurnalının əsas məqsədi pedaqogika, psixologiya, tarix, filologiya (dilçilik və ədəbiyyatşünaslıq), riyaziyyat və informatika, biologiya və sənətşünaslıq üzrə  Naxçıvan Müəllimlər İnstitutunun alim və mütəxəssisləri, habelə ölkə və xarici tədqiqatçılar tərəfindən aparılan fundamental və tətbiqi xarakterli araşdırmaların nəticələrini Azərbaycan-, ingilis- və  rusdilli elmi ictimaiyyətin geniş auditoriyasına çatdırmaqdır.

 

3.JURNALIN DİLİ VƏ DÖVRİLİYİ

  • Azərbaycan, ingilis və rus;
  • Rüblük – ildə 4 nömrə.

 

4.ƏLYAZMANIN REDAKSİYAYA TƏQDİM OLUNMA QAYDASI

 Əvvəllər çap olunmuş və ya çap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.

Əlyazmanın orijinalı mükəmməl  redaktə edilmiş halda 1 nüsxədə (həmçinin kompakt diskdə) müəllif(lər)in özü və ya tədqiqatın aparıldığı müəssisə tərəfindən müəllif anketi və rəy ilə birlikdə redaksiyaya  (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 2, Naxçıvan Müəllimlər İnstitutu, Elmi hissə) təqdim edilir. Əlyazma müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya təqdimolunma tarixi göstərilməlidir. Əlyazmaların elektron qaydada təqdim edilməsi mümkündür. Bu zaman əlyazma və qöşma sənədlər jurnalın elektron poçtuna (elmihisse@nmi.edu.azgöndərilir. Müəllif anketinin nümunəsini bu mətndəki bağlantıdan və ya redaksiyadan götürmək olar.

 

5.ƏLYAZMANIN RESENZİYALAŞDIRILMASI VƏ DƏRCİ

Redaksiyaya daxil olan əlyazmaların dərc edilib-edilməməsinə qərar uyğun sahə üzrə redаksiyа heyəti üzvlərindən birinin təqdimatı ilə anonim mütəхəssisin rəyi əsasında  redaksiya heyəti tərəfindən verilir.

6.MÜƏLLİFLİK HÜQUQLARI

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları yalnız “NMİ. Elmi əsərlər” jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.

 

7.NƏŞRİN MÜƏLLİFLƏRƏ TƏQDİM EDİLMƏSİ

Məqalə müəllifi(ləri)nə 1 nüsxə jurnal redaksiya tərəfindən hədiyyə edilir. Həmçinin müəlliflər məqalələrinin jurnalda yerləşdirildiyi qaydada tam mətninin elektron formasını jurnalın internet səhifəsindən əldə edə bilərlər.

 

8.ƏLYAZMANIN STRUKTURU VƏ HƏCMİ

 Əlyazmanın mətni dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başlamaqla, ardıcıl olaraq, “UOT”, “Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı, müəllifin elektron poçt ünvanı”, “Xülasə”, “Açar sözlər”, “Giriş”, “Material”, “Nəticə”, “Ədəbiyyat siyahısı” və xarici dillərdə xülasələr – “Аннотация”, “Ключевые слова” və “Abstract”, “Key words” tərtib edilməlidir. Əlyazmanın həcminə xüsusi məhdudiyyət qoyulmur.

 

9.ƏLYAZMANIN TƏRTİB EDİLMƏ QAYDALARI

 Əlyazmanın mətni Microsoft Office Word proqramında A4 formatda, Times New Roman – 14 şriftində (qara  rəngdə), 1,5 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə buraxılmalıdır.

Əlyazmanın başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.

Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər  üçün  cədvəlin üstündə sağ küncdə, şəkillər  üçün  şəklin  altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən, müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.

Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excell, Adobe Illustrator, Photoshop, CorelDRAW və Power Point proqramlarından birində təqdim edilməlidir.

Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində () verilməlidirlər. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələn- məli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmalıdır.

Əlyazmada istifadə olunan düsturlarda  rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. Hər düsturun üstündə və altında bir-iki boş sətir olmalıdır.

Məqalənin mətnində sözlər, ümumi qəbul edilmiş bir  neçə ixtisarlar və çox işlənən abreviaturlar (və s., məs., ABŞ, BMT) istisna olmaqla, tam açıq verilməlidir.

Mətndə mövzu ilə bağlı zəruri istinadlar olmalıdır. İstifadə edilən bütün mənbələr “Ədəbiyyat siyahısı” hissəsində əlifba sırası, yaxud da istinad olunan ədəbiyyatların mətnində rast gəlindiyi ardıcıllıqla nömrələnməli və düzbucaqlı mötərizədə verilməlidir (məsələn: mənbəyə bütövlükdə istinad edildikdə [1] və ya [3, 5, 8], sitat gətirildikdə [3, s.7- 8] şəklində verilir.

Mənbələr müəllif(lər)in soyadı, ad(lar)ı-nın ilk hərf(lər)i, mənbənin adı, nəşr yeri (məqalədirsə – jurnalın adı, məruzədirsə – konfransın adı, kitabdırsa – nəşriyyatın və şəhərin adı), cildi (çoxcildli əsərlər üçün sayı) və səhifə sayı göstərilən strukturda verilməlidir. Xarici dillərdə istinad edilən mənbələrin və internet veb-saytlarının qarşısında onların Azərbaycan dilində açılışını verən tərcümə variantı əlavə olunmalıdır.

Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “Ədəbiyyat siyahısı” hissəsində aşağıdakı nümunələrdə verilən qaydada göstərilir:

           1.Kitаblаr:

Mehrаbоv А., Cаvаdоv İ. Ümumtəhsil məktəblərində mоnitоrinq və qiymətləndirmə. Bаkı, 2007, 182 s.

           2.Məcmuə məqаlələri:

Həbibbəyli İ.Ə. Nахçıvаndа elm və mədəniyyət /Аzərbаycаn tаriхində Nахçıvаn. Bаkı: Elm, 1996, s.73-91.

           3.Jurnаl məqаlələri:

Seyidоv M.А., Seyidоvа А.M. Kimyəvi elementlərin tədrisində fənlərаrаsı əlаqədən istifаdə metоdikаsı // Nахçıvаn Müəllimlər Institutunun Хəbərləri, 2008, №1 (13), s. 97-100.

           4.İnternet səhifələri:

İnternet səhifələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə olunduğu tarix göstərilmək şərtilə tam adres şəklində olmalıdır

Mətndə istifadə edilməyən mənbələr “Ədəbiyyat siyahısı” hissəsində göstərilmə­məlidir.

 

10.XÜLASƏ

Xülasə ayrı-ayrılıqda hər bir dildə, eyni məzmunda, həcmi 100-200 söz həcmində yazılmalı və məqalənin mahiyyətini ifadə etməlidir. Onun mətni elmi və qrammatik baxımdan ciddi redaktə edilməli, burada “Tədqiqatın məqsədi”, “Tədqiqatın metodologiyası”, “Tədqiqatın nəticələri”, “Tədqiqatın praktiki əhəmiy­yəti”, “Tədqiqatın orijinallığı və elmi yeniliyi” (rus dilində – “Цель исследования”, “Методология исследования”, “Результаты исследования”, “Практическая значимость исследования”, “Оригинальность и научная новизна исследования”, ingilis   dilində   –   “Purpose”,   “Design /methodology/ approach”,   “Findings”, “Research limitations/implications”, “Practical implications”, “Originality/value”) öz əksini tapmalıdır. Digər dillərdə verilən xülasələrdə ardıcıl olaraq müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurumun adı, vəzifəsi, elektron poçt ünvanı və məqalənin başlığı göstərilməlidir.

 

11.İNDEKS VƏ AÇAR SÖZLƏR

Müəllif(lər) məqalənin elmi istiqamətlərini UOT indeksi və ya digər beynəlxalq təsnifat  sistemi kodları əsasında göstərməlidir. UOT indeksi məqalənin başlığından əvvəl sol küncdə, beynəlxalq təsnifat  sistemi kodu isə açar sözlərdən (Key words) sonra verilir.

Məqalədə hər bir dildə yazılan xülasənin sonunda 5-dən çox olmayaraq açar sözlər və söz birləşməsi göstərilməlidir.