“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq ürəyi Vətəni ilə döyünən hər bir Azərbaycanlının bayramıdır.
Azərbaycanlıların həmrəylik modelinin müəllifi Ümummilli lider Heydər Əliyevdir. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Bu proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi nəticəsində başlayıb. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların birləşməsi baxımından çox şərəfli olan bir yola çıxılıb.
Azərbaycanlıların həmrəylinin əsas prinsipləri yığcam şəkildə Heydər Əliyevin aşağıdakı fikirlərində ifadə olunmuşdur: “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Burada müasir mərhələdə Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinə verdiyi məzmunun təməl şərtləri əks olunub. Bunlar bütövlükdə azərbaycançılıq ideologiyasının müddəalarıdır. Azərbaycançılıq başqa məsələlərlə yanaşı, həmrəylik konsepsiyasının da əsas ideya mənbəyidir. Bu gün həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Sonra Humanitar və ictimai fənlər kafedrasının müəllimi Aslan İbrahimov çıxış edərək bildirmişdir ki, Azərbaycançılıq ideologiyası Həmrəylik konsepsiyasının yaradılması və formalaşdırılmasının əsas məmbəyidir. Bu konsepsiyanın əsas məqamları aşağıdakı kimi qruplaşdırmaq olar.
Birincisi, azərbaycanlıların həmrəylik məsələsi Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşır. Buraya dünyanın bütün regionlarında yaşayan azərbaycanlılar daxildir. Yəni azərbaycanlıların vahid millət kimi birliyi və bərabərliyi məsələsi qoyulub. Bu o deməkdir ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı məsuliyyəti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar daşıyırlar.
İkincisi, həmrəylik Azərbaycan cəmiyyətində fikir müxtəlifliyinin təmin edilməsinə qətiyyən zərər verməməlidir. Plüralizm, demokratik düşüncə hüququ tam məzmunu ilə saxlanmalıdır. Ayrı-ayrı qruplar, yaxud partiyalar ölkənin siyasi gələcəyi ilə bağlı öz fikirlərini müstəqil şəkildə ifadə edə bilərlər. Bu o deməkdir ki, həmrəylik müasir tarixi mərhələdə vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu kontekstində gündəmə gətirilir. Ulu Öndər bunun Azərbaycan üçün optimal modelini verir. Belə ki, həmrəylik azərbaycanlıların milli-mədəni dəyərlərə sahib çıxmasında, yaşadıqları ölkədə cəmiyyətə aktiv inteqrasiya olmaqda və müstəqil dövləti qorumaqda özünü göstərməlidir.
Üçüncüsü, dünya azərbaycanlılarının həmrəyliyi müstəqil dövlətin qorunması və ərazi bütövlüyünün saxlanması aspektlərində real məzmun kəsb etməlidir. Bu, həmrəyliyin “bir hədəfi və bir məqsədidir”. Bununla müstəqil dövlətin qorunması hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu kimi başa düşülməlidir. Belə bir yanaşma müasir tarixi mərhələdə “siyasi millət” anlayışının Azərbaycan üçün gözəl bir modelinin ortaya qoyulması deməkdir.
Tələbələrin hazırladıqları bədii hissəyə baxdıqdan sonra, İncəsənət kafedrası əməkdaşlarının və Təsviri incəsənət ixtisası tələbələrinin əl işlərindən, rəsm əsərlərindən və kulinariyya nümunələrindən ibarət sərginin təqdimatı olmuşdur.