Naxçıvan Müəllimlər İnstitutunda toxunmuş xalçanın təqdimatı keçirildi

2 6

Dekabrın 25-də Naxçıvan Müəllimlər İnstitutunda muxtariyyətin 95 illiyi münasibətilə toxunmuş xalçanın təqdimatı keçirilmişdir. Tədbirdə institutun professor-müəllim heyəti və Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri ilə yanaşı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi və Naxçıvan Biznes Mərkəzinin əməkdaşları da iştirak etmişlər.

Təqdimat mərasimini institutun prorektoru Azad Novruzov açaraq qeyd etmişdir ki, tariximiz, mədəniyyətimiz və incəsənətimizin  qədimliyini, xalqımızın intellekt səviyyəsinin yüsək olduğunu sübut edən sahələrdən biri də xalçaçılıq sənəti və onun keçdiyi tarixi inkişaf yoludur. Dövlətimiz tərəfindən xalçaçılıq sənətinin qorunması və inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”  xalçaçılıq mədəniyyətimizin yaşadılması və inkişafına yönəlmiş  və cəmiyyətimiz qarşısında müvafiq vəzifələr müəyyənləşdirən ciddi dövlət tapşırıqlarından biridir.

Naxçıvan xalçaçılıq sənətinin inkişafını daim diqqətdə saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və qarşıya  qoyduğu vəzifələrə uyğun olaraq 28 yanvar 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda respublika  elmi-praktik konfransı keçirilmiş,  konfransda 27 məqalə dinlənilmişdir.

Xalçaçılıq sənəti ilə bağlı institutda silsilə tədbirlər keçirilmiş, Azərbaycan xalçaçılıq məktəbinə aid nəşrlər haqqında tələbələrə məlumatlar verilmişdir. Açıq dərslər təşkil olunmuş, institutun Təsviri incəsənət müəllimliyi ixtisasının tədris planına 4 kreditlik “Naxçıvan xalçaçılıq məktəbi” adlı fənn daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin tapşırığına əsasən tələbələrə xalça toxumanın  praktik imkanlarının öyrədilməsi məqsədilə instituta 1 ədəd hana  hədiyyə olunmuşdur. İncəsənət kafedrasının təşkilatçılığı ilə eskiz hazırlanmış və Naxçıvan Muxtar Respublikasının  95 illiyinə həsr olunmuş xalça toxunmuşdur. Xalçanın toxunmasında institut əməkdaşlarının, xüsusən Süsən Əliyeva və Vəfa Əliyevanın böyük əməyi olmuş, həmçinin tələbələr də könüllü olaraq bu işə qoşulmuşlar.

Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Naxçıvan Müəllimlər İnstitutu ilə hamilik çərçivəsində görülmüş işləri diqqətə çatdırmış, həmçinin bu cür tədbirlərin gənc nəslin tərbiyəsində böyük rol oynadığını qeyd etmişdir.

Təqdimat iştirakçılarından Nəzakət Əsədova, Ülviyyə Bağırova, Hökümə Məmmədli, Cavid İsmayılov, Süsən Əliyeva və b. çıxışlarında bildirmişlər ki, Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvan diyarında digər sahələrlə yanaşı, incəsənət də böyük tarixi inkişaf yolu keçib. Dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da bu sırada öz yerini alıb. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəstxəti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə fərqlənir. Naxçıvanda xalçatoxuma ənənəsi qədimdən məişətdə formalaşıb. Xüsusilə dağlıq rayonlarda uzun müddət davam edən sərt qış şəraitində əkin-biçin işlərinin dayanması nəticəsində yaranan asudə vaxt müxtəlif məmulatların, o cümlədən də xalçaların istehsalına sərf edilirdi. Qədim ənənələrə malik xalçaçılıq sənəti bu gün Naxçıvanda yeni inkişaf mərhələsinə qədəm qoyub. Nənələrimizin zəhmətkeş əllərinin, bədii zövq və təxəyyüllərinin məhsulu olan bu qədim sənətin yaşadılması və inkişafı üçün dövlətimiz tərəfindən atılan addımlar xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə verilən böyük önəmin ifadəsidir.

Sonda xalçanın hazırlanmasında əməkləri olan İncəsənət kafedrasının müdiri Cavid İsmayılov, baş laborant Süsən Əliyeva və baş laborant Vəfa Əliyeva “Təşəkkürnamə” ilə təltif edilmişlər.