Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar

5 5

Dekabrın 19-da Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Bəhruz Kəngərli Muzeyində olublar.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Realist rəssam Bəhruz Kəngərlinin ömür yolu, ölməz sənəti haqqında ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycanın görkəmli rəssamı Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulmuş, 1922-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub. O, qısa yaradıcılıq fəaliyyəti ilə 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Azərbaycan boyakarlığında realizmin əsasını qoyan Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən qaynaqlanır.

Diqqətə çatdırılıb ki, realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssamın yaradıcılığına yüksək dövlət qayğısının növbəti bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən, Naxçıvan şəhərinin İstiqlal küçəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılmış və burada rəssamın abidəsi ucaldılmışdır.

Məlum olmuşdur ki, muzeydə nümayiş etdirilən eksponatlar sırasında həmçinin, Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri vardır.

“Muzey günləri” çərçivəsində baş tutan bu tanışlıq zamanı institut əməkdaşları və tələbələri görkəmli rəssamın həyat və yaradıcılığına, ümumilikdə XIX-XX əsr Azərbaycan incəsənəti və rəssamlıq sənətinə dair zəngin məlumatlar əldə etmişlər.