“Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

      5 dekabr 2022-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Resbublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: uğurlar və çağırışlar” mövzusunda əyani və videobağlantı formatında Beynəlxalq Elmi Konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd pedaqoji kadr hazırlığı sahəsində yerli və xarici ölkələrdə fəaliyyət göstərən tədqiqatçıların əldə etdikləri təcrübələri paylaşmaq, müəllim hazırlığı sahəsində son yeniliklərdən xəbərdar olmaq və bu sahədə aparılan işləri günün tələbləri səviyyəsində təkmilləşdirməkdir.
Konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Rusiya Cənub Universitetinin rektoru İmran Əkbərov çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, bu gün müəllim hazırlığının qarşısında duran ən mühüm məsələlərdən biri onların həm intellektual həm də emosional intellektlərinin formalaşdırılması, müasir müəllimin yeni çağrışlara cavab verəcək səriştələrə yiyələnməsinin təmin olunmasıdır. Bu mənda müəllim hazırlığının əsaslarını özündə ehtiva edən belə beynəlxalq konfransların keçirilməsi, ölkəmizdə və xarici ölkələrdə bu sahədə aparılan tədqiatların və təcrübələrin paylaşılması ölkəmizdə və beynəlxalq aləmdə təhsil sahəsində apatrılan uğurlu islahatlara, pedaqoji kadrların ixtisasartırması və təkmilləşməsinə xüsusi tövhələr verir.
Plenar müzakirələrində Naxçıvan Müəllimlər İnstitutunun professoru İsmayil Əliyev, dosenti Çapay Quliyev əyani formatda, Makedoniya Beynəlxalq Balkan Universitetinin professoru Ana Kechan və Rusiya Cənub Universitetinin professor Boris Martınov onlayn formatda məruzələrlə çıxış ediblər. Məruzəçilər müəllim hazırlığının müxtəlif aspektlərinə toxunaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətini və gələcək perspektivlərini şərh ediblər.
Qeyd edək ki, konfransa müxtəlif ölkələrdən olmaqla ümumilikdə 200 dən artıq məqalə və tezis daxil olub. Konfrans 2 gün müddətində 18 bölmədə öz işini davam etdirəcək. Bölmələrdə əsasən “Müasir dövrdə pedaqoji kadrların hazırlığı sahəsində dövlət siyasətinin əsas istiqamətləri və perspektivlər”, “Müəllimlik ixtisasları üzrə təhsil proqramları keyfiyyətli kadr hazırlığının əsas amili kimi”,“Müəllim hazırlığında keyfiyyət və onun təminatı məsələləri: reallıqlar və çağırışlar”, “Təhsildə və təhsil üçün elmi tədqiqatlar: nəzəriyyədən təcrübəyə”,“Müəllim hazırlığında fənlərin tədrisi metodikası: ənənələr və müasir yanaşmalar”, “Ali pedaqoji təhsildə yeni tendensiyalar: təcrübə və çağırışlar”,“Pedaqoji təhsil sistemində internatura modelli dünya təcrübəsi və Azərbaycan: çağırışlar və yeni yanaşmalar”,“Ali pedaqoji təhsil sistemində müəllimin peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi”, “Müəllim hazırlığı sisteminində idarəetmənin aktual məsələləri”, “Müəllim hazırlığında tərbiyə məsələlərinin yeri və rolu” mövzularında müzakirələr aparılacaq.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti