Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və psixologiya kafedrasının əməkdaşlarının məruzələrinin müzakirəsinə həsr olunmuş elmi-nəzəri seminar keçirilib.
Tədbiri İnstitutun Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Vəliyeva açıb. O, kafedrada elmi fəaliyyətin genişləndirilməsi, tədqiqatçıların müasir pedaqoji və psixoloji istiqamətlər üzrə fikir mübadiləsinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Seminarda ilk olaraq kafedranın professoru, pedaqogika elmləri doktoru Kamal Camalov
“Təhsilin tarixi və fəlsəfəsi humanizm ideyaları kontekstində (‘Əkinçi’ qəzeti əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “Əkinçi” qəzetində yer alan maarifçilik ideyalarının Azərbaycan təhsil tarixində tutduğu mövqe, həmin ideyaların humanizm prinsiplərinin formalaşmasına təsiri və dövrün pedaqoji fikrinə verdiyi töhfələr elmi əsaslarla təhlil olunub.
Daha sonra kafedranın psixologiya üzrə fəlsəfə doktoru Sevinc Orucova
“Şəxsiyyətlərarası münasibətlərin formalaşmasında emosional intellektin rolu” mövzusunda çıxış edib. Tədqiqatda emosional intellektin sağlam kommunikasiya, qarşılıqlı anlaşma, konfliktlərin idarə olunması və müsbət sosial münasibətlərin qurulmasındakı əhəmiyyəti barədə elmi nəticələr təqdim olunub. Məruzədə həmçinin tələbə-gənclər arasında emosional savadlılığın artırılmasının zəruriliyi vurğulanıb.

