“Əlincəqala” tarixi abidəsi rəssam tələbələrin gözü ilə

Naxçıvan Müəlimlər İnstitutunda tələbələrin daim bilik və bacarıqlarının artırılması, onların təhsil aldıqları ixtisaslara daha dərindən yiyələnmələri institut qarşısında duran prioritet məsələlərdəndir. Bu məqsədlə institutda nəzəri biliklərlə yanaşı praktiki sahələrin də genişləndirilməsinə xüsusi diqqət göstərilir.

Məlum olduğu kimi Naxçıvan Müəlimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisası mövcuddur və hər il bu sahədə xüsusi bacarığı olan tələbələr bu ali təhsil ocağında təhsil almağa gəlirlər. Burada gənc rəssamlar üçün yaradılmış hərtərəfli şərait və onların tanınmış müəllimlərdən dərs almaqları artıq son illər öz bəhrəsini verməkdədir. Belə ki, tələbələrimiz muxtar respublika səviyyəli tədbirlərdə iştirak edir və yüksək nəticə göstərirlər.

Bugünlərdə bir qrup tələbə rəssamların “Əlincəqala” tarixi abidəsinə üz tutması, bu əzəmətli abidənin möhtəşəmliyini öz fırçalarında canlandırmaları bu deyilənləri bir daha təsdiq edir. Əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olan tələbələr burada abidənin tarixi və buradan aşakar olunmuş maddi mədəniyyət nümunələri ilə bağlı geniş məlumatlar əldə etmişlər. Sözsüz ki, bütün bu müsbət təəssüratlar onların fırçalarınada öz təsirini göstərmişdir. İnstitutun “İncəsənət” kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəhbərliyi ilə baş tutan bu payız etüdündə tələbələr bir-birindən gözəl rəsmlər ərsəyə gətirmişlər. Nəticədə gənc rəssamların özünəməxsus fikir, fantaziya və təəssüratlarının məhsulu olan rəsm əsərlərində “Əlincəqala” möhtəşəmliyi və əzəməti əks olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu cür tədbirlər nəticəsində gənclər həm tarixi irsi, milli-mənəvi dəyərlərimizi daha dərindən öyrənir, həm də onların bacarıq və istedadlarının üzə çıxmasına münbit şərait yaranır. Gələcəkdə də bu tədbirlərin davam etdirilməsi diqqət mərkəzində olacaqdır.

Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti