Nəbatət bağına səyahət

Oktyabr ayının 11-də Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Nəbatat bağında olmuşdur. Naxçıvan təbiətini tanıdan və zənginləşdirən məkan – Nəbatat bağı AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərir. Bioloji müxtəlifliyin qorunmasında, inkişaf etdirilməsi və tanıdılmasında əsas missiyanı Nəbatat bağı həyata keçirir. AMEA Naxçıvan Bölməsi “Nəbatat” şöbəsinin müdiri, dosent Teyyub Paşayev müəllim və tələbələrə füsünkar gözəlliyə malik bağ haqqında dəyərli məlumatlar verdi. Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi və rəhbərliyi altında 2003-cü ildən bu günə kimi Nəbatat bağında xeyli quruculuq işləri görülüb. Hazırda bağın təcrübə sahəsi 13,2 hektar ərazini əhatə edir. Nəbatat bağının strukturuna uyğun olaraq təcrübə sahələri ayrılıb. Burada hər bir bitkinin özünəməxsus xüsusiyyətləri tədqiq edilir, hər birinin yayılma zonalarının xəritəsi tərtib olunur, mühafizə yolları müəyyənləşdirilir. Bildirildi ki, Nəbatat bağı bir yaşıllıq məbədi, mədəni-maarif ocağı olmaqla bərabər həm də nadir və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsində əvəzsiz rola malikdir. Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, həmçinin, Azərbaycan florasından toplanan müxtəlif iqlim və torpaq xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman bitkiləri əkilərək tədqiq olunur. Bağda Qafqaz, Aralıq dənizi, Şimali Amerika, Cənub-Şərqi Asiya mənşəli bitkilərin – Daryarpaq iydə, Şüalı kampsis, İran meliyası, Qaraağacyarpaq eukomiya, Adi zirinc, Süpürgəvari sabunağacı, Qafqaz dağdağanı, Suriya hibiskusu, Robur palıdı, Yunan qozunu, Şərq çinarı və başqalarına qulluq edilməsinin yolları barəsində məlumatlar tələbələrin marağına səbəb oldu.
Gənc bioloqların diqqətini “Ultra Sera” markalı son texnologiyaya malik istilikxana cəlb etdi. Burada ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bitki növləri becərilir.

Dosent Həsənəli Eyvazlı
Naxçıvan Müəllimlər İnstitutu