“Təhsilalanların elmi tədqiqat fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” başlıqlı seminar-müşavirə keçirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunda seminar-müşavirə keçirilmişdir
Ali təhsil ocağında “Təhsilalanların elmi tədqiqat fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” mövzusuna həsr olunmuş tədbiri institutun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev açaraq qeyd etdi ki, təhsilalanların vəzifəsi ilk növbədə dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməkdir. Bununla belə bu gün ali məktəbdə təhsil¬ alan gənclər hərtərəfli yetişməlidir. Öz ixtisasına dərindən bələd olmaqla yanaşı, geniş dünyagörüşünə malık, dövlətinə, vətəninə sadiq, milli ruhda tərbiyə almış, elmi tədqiqat bacarıqlarına yiyələnmiş, yeni tərzdə düşünən, yenilikləri öyrənməyə və yaratmağa səy edən, qarşıya çıxan problemləri həll etməyə qadir olan şəxsiyyət kimi formalaşmalıdır. Ali təhsil haqqında dövlət sənədlərində göstərilən bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün tədris-elm-tərbiyə prosesinin vəhdətini təmin edən sistemin fəaliyyətini daim diqqət mərkəzində saxlamaq lazımdır. Bu baxımdan tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi, bu fəaliyyətin Tələbə Elmi Cəmiyyəti vasitəsi ilə həyata keçirilməsi, bütövlükdə düzgün idarə edilməsi xüsusi əhəmiyyətə malikdir. İnstitututda elmi tədqiqat fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrin geniş müzakirəsinin tədris ilinin hər iki semestrində təşkil olunması artıq ənənə şəklini almışdır. Tələbə elmi tədqiqatların kəmiyyət və keyfiyyət göstəricilərinin ildə-ilə yüksəlməsi bu sistemli işin nəticəsi kimi dəyərləndirilə bilər. Bugünkü tədbirin əsas məqsədi bu işin səmərəliliyini artırmaqdan ibarətdir.
Seminar-müşavirədə Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı “Təhsilalanların elmi tədqiqat işlərinə verilən tələblər və onların yerinə yetirilməsi yolları” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə təhsilalanların elmi tədqiqat fəaliyyətinin məqsəd və vəzifələri, mahiyyət və xüsusiyyətləri, bu işlərin elmi-metodiki və elmi-təşkilati məsələləri ətraflı şərh edildi. İnstitutun Tələbə Elmi Cəmiyyəti, fakültə və kafedralarında işlərin mərhələlər üzrə yerinə yetirilməsinin, elmi rəhbərlər tərəfindən icraçı tələbələrə elmi-metodiki tövsiyə və göstərişlərin müntəzəm və səmərəli şəkildə verilməsinin və bu işlərin kafedralarda təsdiq olunmuş vahid formalı təqvim-tapşırıqlara uyğun aparılmasının zəruriliyi qeyd olundu. Elmi tədqiqat fəaliyyətinə yeni cəlb olunmuş tələbələrə bu işin yerinə yetirilməsi metodikası, üsullları və texnikası haqqında ümumi məlumat verildi, icracı tələbə üçün mövzu seçimindən əldə olunmuş nəticələrin elmi konfransda təqdimatınadək yol xəritəsi şərh olundu. Tədbirdə Naxçıvan Müəllimlər İnstitutu TEC sədri Aysun Nağdəliyevanın “Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyəti: ötən tədris ilinin yekunları və 2021-2022-ci tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənildi. Bildirildi ki, cari tədris ilində 8 kafedra üzrə 97 müəllimin ümumilikdə 217 tələbə ilə TEC işini yerinə yetirməsi planlaşdırılmışdır.
Tədbirdə dinlənilmiş məruzələr ətrafında səmərəli müzakirələr aparıldı. Kafedralarda TEC xətti ilə aparılan işlərinin vəziyyəti haqqında kafedra müdirlərinin məlumatları dinlənildi. Aid struktur bölmələrə qarşıda duran məsələlərə dair tapşırıqlar verildi. Sonra tədbir öz işini kafedralar üzrə elmi rəhbər və təhsilalanların iştirakı ilə seminarlar şəklində başa vurdu.