Naxçıvan Müəllimlər İnstitutu beynəlxalq təhsil sərgisində

Naxçıvan Müəllimlər İnstitutu elm və təhsilin bütün sahələrində yüksək nailiyyətlər əldə edərək inkişaf etməkdədir. Beynəlxalq əlaqələrin inkişafı və əcnəbi tələbələrin qəbulu institutun qarşıya qoyduğu mühüm strateji məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif elm və təhsil tədbirlərində iştirak etmək də bu fəaliyyətin bir istiqamətini təşkil edir.

Bu günlərdə institutun iştirak etdiyi belə tədbirlərdən biri dünyanın ən böyük təhsil sərgilərindən olan Akare Beynəlxalq Təhsil Sərgiləri olmuşdur. 11-13 oktyabr 2019-cu il tarixlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş bu növbəti təhsil sərgisində Naxçıvan Müəllimlər İnstitutunu əməkdaşımız Nicat Yaqubov təmsil etmişdir.

Qeyd edək ki, ABŞ, İngiltərə, Avstraliya, Kanada və başqa ölkələrin nüfuzlu universitetlərinin təmsil olunduğu sərgidə ümumilikdə 30 fərqli ölkədən 200 universitet və təhsil qrumu iştirak etmişdir.

Sərgi zamanı instituta müraciət şərtləri, təhsil haqqı, ölkənin təhsil sistemi və s. haqqında iştirakçılara ətraflı məlumat verilmiş, çoxsaylı müraciətlər cavablandırılmışdır.

Sərgidə eyni zamanda institutun bakalavriatura, magistratura və doktorantura proqramları haqqında ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı sərgi müddətində institutun gələcək beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm ikitərəfli məsləhətləşmələr aparılmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti