08 oktyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə “Ümummilli Lider Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının Müəllifidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını və Ümummilli Liderin konstitusion dövlət quruculuğundakı tarixi rolunu gənc nəsillərə çatdırmaq məqsədi daşıyıb.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, ardınca Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hüquqi və siyasi mərhələ olduğunu qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi təkcə onun iqtisadi və siyasi müstəqilliyini təmin etməklə kifayətlənməmiş, həm də dövlətin hüquqi əsaslarını yaradaraq müasir vətəndaş cəmiyyətinin formalaşmasına zəmin yaratmışdır.
Elşən Məmmədov vurğulayıb ki, təhsil müəssisələrinin əsas vəzifəsi gənc nəslin vətənpərvər ruhda, hüquqi şüura malik, dövlətçilik ideyalarına sədaqətli vətəndaş kimi yetişdirilməsidir. Hüquqi maarifləndirmə, konstitusional dövlət quruluşunun mahiyyətinin dərindən öyrənilməsi və gənclərin dövlətə bağlılıq hissinin gücləndirilməsi bu günün çağırışlarına cavab verən təhsil sisteminin prioritet istiqamətlərindəndir. Rektor həmçinin öz çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə də toxunaraq şəhidlərin qəhrəmanlığı qarşısında baş əydiklərini bildirib, bu müharibənin Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün təminatında misilsiz rol oynadığını diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov çıxış edərək hüquqi dövlətin möhkəm konstitusion baza üzərində qurulduğunu qeyd edib. O bildirib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin bölgüsünü dəqiq müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunması üçün fundamental hüquqi baza rolunu oynayır.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik tarixində aparıcı rolunu geniş təhlil edib. O qeyd edib ki, Ulu Öndərin dövlətçilik strategiyası milli həmrəylik, suverenlik və hüququn aliliyinə əsaslanır və onun siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elman Cəfərli bildirib ki, Azərbaycan bu gün dünya ölkələri arasında öz layiqli yerini tutub və bu, dövlət rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. O, Ulu Öndərin çıxışlarından nümunələr gətirərək Azərbaycanın davamlı inkişafından, milli dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindən danışıb.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Təsisatının əməkdaşı Nuranə Kərimova insan hüquqları sahəsində ölkəmizdə yaradılmış hüquqi bazanın beynəlxalq standartlara tam uyğun olduğunu diqqətə çatdırıb. O bildirib ki, Ombudsman təsisatının fəaliyyəti Azərbaycan Konstitusiyasının insan hüquqları və azadlıqlarının müdafiəsi ilə bağlı müddəalarına əsaslanır və vətəndaşların hüquqlarının qorunmasında mühüm rol oynayır. Nuranə Kərimova həmçinin Konstitusiyada son dövrlərdə edilmiş dəyişikliklər və əlavələrin hüquqi sistemin inkişafına verdiyi töhfələrdən danışıb.
Tədbirin bədii hissəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Ümummilli Lider Heydər Əliyevə və şəhidlərə həsr olunmuş şeirləri ifa ediblər. Daha sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.


