Müəllimlər günü təntənəli şəkildə qeyd edilmişdi
Hər il ölkəmizdə neçə-neçə peşə işçilərinin bayramları qeyd edilir. Bu bayramların hər birinin özünəməxsus dəyərləri vardır. Müəllimlərin cəmiyyətdəki rolu və beynəlxalq aləmdə daim diqqət mərkəzində olması “Müəllim günü”nün dəyərini, məzmun və mahiyyətini daha da artırmış olur. Elə bunun nəticəsidir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı “Müəllimlərin statusu haqqında” ilk sənəd imzalamış və 1994-cü ildə isə həmin təşkilatlar tərəfindən “Müəllim günü” təsis olunmuşdur.
5 oktyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Müəllim günü” təntənəli surətdə qeyd edilmişdir. Bu münasibətlə keçirilən tədbir çərçivəsində tələbələrin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, sonra tədbir İnstitutun iclas zalında işini davam etdirmişdir.
İnstitutun rektoru, Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev çıxış edərək “Müəllim günü” münasibəti ilə müəllimləri və tələbələri təbrik etmiş və bildirmişdir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra təhsil sahəsində çalışan bütün müəllimlərin zehni əməyini dəyərləndirmək üçün 5 oktyabr 1993-cü ildən “Müəllim günü” peşə bayramı kimi rəsmi şəkildə qeyd edilir. Bu təkcə peşə bayramı deyil, eyni zamanda cəmiyyətin inkişafında müəllimin zəhmətinin, əməyinin bayramıdır. Bu eyni zamanda dəqiqələrlə, saatlarla ölçülən müəllim ömrünün bayramıdır. İnstitutumuz gələcəyin müəllimini, tərbiyəçisini hazırlayır. Bu münasibətlə tələbələrimizi də səmimi qəlbdən təbrik edirəm. Müəllim peşəsinin əsasını tələbələrə olan sevgi təşkil edir. Gələcəyin müəllimi olacaq siz tələbələrə də daimi sevgi arzulayıram.
Dillər və ədəbiyyat kafedrasının professoru Akif İmanlı, Yeni Azərbaycan Partiyası, Naxçıvan Müəllimlər İnstitutu müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, NMİ-nin müəllimi Çapay Quliyev, NMİ-nin müəllimi Tamara Baxşəliyeva çıxış edərək müəllim və tələbələri təbrik etdilər.
Tələbələrin hazırladıqları bayram konserti öz rəngarəngliyi ilə tədbirə canlılıq və rəngarənglik verirdi. İnstitutun musiqi müəllimi Məhəbbət Babayevanın Həmid Arzulunun sözlərinə bəstələdiyi “Müəllim ömrü”, musiqiçi Zivər Ağayevanın Rauf Məmmədovun sözlərinə bəstələdiyi “Yaşa mənim xalqım” mahnıları, tələbələrin ifasında səslənən şeirlər və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
İnstitutun rektoru, Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev
mükəmməl hazırlanmış proqrama görə tələbələrə və zəhməti olan hər kəsə təşəkkürünü bildirərək tədbirə yekun vurdu.
Dosent Həsənəli Eyvazlı
Naxçıvan Müəllimlər İnstitutu