Bu gün “27 Sentyabr–Anım Günü” nün 5-ci ildönümü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda “Qanla tarix yazan qəhrəmanlar” adlı konfrans təşkil olunub. Tədbirdən öncə institutun tələbələrinin vətənpərvərlik mövzusuna həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış olub. Sonra tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun bu gün Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib, Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqın birliyini və dövlətin strateji siyasətinin əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycanın suverenliyinin bərpasında şəhidlərin fədakarlığının əvəzsiz olduğunu deyib. Rektor bu qəhrəmanlıq nümunələrinin yalnız keçmişin yaddaşı deyil, eyni zamanda gələcək nəsillər üçün örnək olduğunu, milli dəyərlərə sədaqətin, vətənpərvərlik ruhunun və dövlətə bağlılığın hər bir vətəndaşın həyatında prioritet olmasının vacibliyini qeyd edib. Elşən Məmmədov çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli həmrəyliyin qorunmasının və Azərbaycanın tərəqqisinə töhfə vermək istiqamətində hər kəsin məsuliyyətinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Sonra Şəhid Emin Sadıqovun anası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova çıxışında oğlunun və bütün şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlığı xatırladaraq, onların fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb, şəhidlərin adlarının xalqın yaddaşında əbədi yaşadılmasının əhəmiyyətini vurğulayıb.
II Qarabağ müharibəsi qazisi, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini, ehtiyatda olan mayor Firuz Məmmədov çıxışında müharibə illərindəki igidliyi, əsgər yoldaşlarının şücaətini və ordunun döyüş əməliyyatlarındakı rolunu iştirakçılara izah edib. O, qələbənin xalqın birliyi və ordunun peşəkarlığı ilə mümkün olduğunu vurğulayıb.
Xüsusi təyinatlı hərbi qulluqçu, II Qarabağ müharibəsi qazisi İsa Yavərsoylu çıxışında şəxsi təcrübələrini bölüşərək, hərbi xidmətin və vətənpərvərliyin gənclərin tərbiyəsində nə qədər vacib olduğunu qeyd edib. Onun sözləri tədbir iştirakçıları üçün həm informasiya, həm də motivasiya xarakteri daşıyıb.
Humanitar və ictimai fənlər kafedrasının müəllimi Aslan İbrahimov şəhidlərin və qazilərin qəhrəmanlıq yolunun gənc nəsil üçün əhəmiyyətini ön plana çəkib, bu qəhrəmanların həyat hekayələrinin təhsil prosesində gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Konfransın bədii hissəsində tələbələr tərəfindən vətənpərvərlik şeirləri səsləndirilib. Ləman Novruzlu və Siyafər Qurbanovun təqdimatında “Zəfərin səsi”, “Şəhidim” və “Şəhid” şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.



