Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir
Məlum olduğu kimi, cari il Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisə sayılan Naxçıvan muxtariyyətinin 95-ci ilidir. Yubiley ili ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 21 yanvar 2019-cu il tarixdə xüsusi Sərəncam imzalamışdır. Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Bu sənədə əsasən il ərzində muxtar respublikada və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Naxçıvan Müəllimlər İnstitutunun 2019-cu il üçün Tədbirlər planında da Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin layiqincə qeyd olunması öz əksini tapmışdır. Bugünlərdə bununla əlaqədar olaraq institutun təşkilatçılığı və muxtar respublikada fəaliyyət göstərən təhsil və elm təşkilatlarının iştirakı ilə bu möhtəşəm tarixi hadisəyə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
Konfransı institutun rektoru Elbrus İsayev geniş giriş sözü ilə açdı. O, konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, bugünkü elmi tədbirin əsas məqsədi bütövlükdə muxtar respublikada elm və təhsil sahəsində son 95 ildə, xüsusilə də müstəqillik illərində əldə edilmiş uğurların, görülmüş işlərin elmi təhlilini vermək, ümumiləşdirmələr aparmaq, perspektivlərə dair tövsiyə və təklifləri sistemləşdirməkdən ibarətdir. Konfransda əsasən muxtar respublikada fəaliyyət göstərən elm və təhsil müəssisələrinin rəhbərləri, bu qurumlarda çalışan alimlər, pedaqoqlar, doktorantlar, ekspertlər, ölkə paytaxdında yerləşən bəzi ali təhsil müəssisələrin nümayəndələri və başqalarının iştirakından məmnunluğunu bildirən rektor belə bir əminliyini də ifadə etdi ki, onların bugünkü elmi ünsiyyəti ölkəmizdə insan kapitalının inkişafinda əvəzsiz rol oynayan elm və təhsilin tərəqqisinə xidmət edəcəkdir.
İnstitutun rektoru, tarixçi-alim Elbrus İsayev giriş sözündə Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarında Naxçıvan Muxtar Respublikasının yaradılmasının tarixi şəraiti və sonrakı inkişafının əsas mərhələlərindən bəhs etdi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın muxtariyyətinə yüksək siyasi qiymət verməsinin, onu Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırmasının ölkə və beynəlxalq miqyasda tarixi əhəmiyyətindən danışdı. Natiq qeyd etdi ki, muxtariyyət illərində Azərbaycanın iqtisadi qüdrətinin, sosial-mədəni həyatının yüksəlməsinə, ölkədə elm və təhsilin hərtərəfli inkişafına Naxçıvanın öz layiqli töhfəsini verdiyini qeyd etdi. Rektor bildirdi ki, bu qədim diyara müstəqillik illərində xüsusi diqqət və qayğının göstərilməsi onun Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutması, yerləşdiyi regionun geostrateji və geosiyasi əhəmiyyət kəsb etməsi, ən başlıcası ölkənin əsas hissələrindən ayrı düşmüş bu ərazidə yaşayan və çalışan insanların rifahı və xoş həyatının təmin edilməsinə hesablanmış dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə muxtar respublikanın, o cümlədən burada elm və təhsilin inkişafının təmin edilməsinə dair qəbul edilmiş qərarlar xüsusi əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, hazırda muxtar respublika özünün 95 illik tarixinin ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Xüsusi qeyd olunmalıdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişaf və tərəqqiyə nail olmuşdur. Regionda elm və təhsil quruculuğu görünməmiş vüsət almışdır. Müstəqilliyin bəhrələrindən olan Naxçıvan Müəllimlər İnstitutu bunun bariz nümunəsidir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə qoyulmuş Naxçıvan Müəllimlər İnstitutu bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki, keçən ilin may ayında dövlət başçısı cənab İlham Əliyevin Naxçıvan Müəllimlər İnstitunun yeni tədris kompleksinin açılışında şəxsən iştirak etmiş, burada elm və ali təhsilin inkişafına dövlət qayğısından danışmış, görülmüş işlərə yüksək qiymət vermişdir. Rektor bildirdi ki, 19 il öncə 21 tələbə ilə bir ixtisas üzrə bakalavriat səviyyəsində kadr hazırlığına başlayan Naxçıvan Müəllimlər İnstitutunda hazırda bakalavriat və magistratura səviyyələrində 14 ixtisas üzrə 1251 tələbə təhsil alır. Onların təhsili ilə 94 nəfərdən ibarət professor-müəllim heyəti məşğuldur. Bu heyətin 7 nəfəri elmlər doktoru, 40 nəfəri fəlsəfə doktorudur. Bu gün institutun ölkə miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Hazırda bu ali təhsil müəssisəsi öz fəaliyyətində “təhsil-tədqiqat-innovasiya” prinsipini əsas götürərək, gələcəkdə tədqiqat universitetinə çevrilməyi hədəfləyir.
Konfransın plenar iclasında muxtar respublikada fəaliyyət göstərən təhsil və elm təşkilatlarının rəhbərləri – AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev “Muxtariyyət illərində Naxçıvanda elmin inkişafına dövlət qayğısı”, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov “Muxtar respublikada təhsil quruculuğu: tarixi və müasir vəziyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Naxçıvan Dövlət Universiteti muxtariyyətin bəhrəsidir”, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev “Naxçıvanda ali təhsil: dünən və bu gün” mövzularında məruzələrlə çıxış etdi. Plenar iclasın sonunda Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı “Naxçıvanda elm və təhsil” adlı televiziya filminə kollektiv baxış oldu.
Konfrans öz işini 5 bölmədə davam etdirdi. “Muxtariyyət illərində Naxçıvanda elm”, “Elm və təhsilin inkişafının ümumi məsələləri”, “Ali və orta ixtisas təhsili”, “Muxtariyyat illərində ümumi təhsil”, “Elm və təhsilin inkişafı: nəticələr və perspektivlər” adlı bölmələrdə 70 qədər elmi məruzə dinlənildi, səmərəli müzakirələr aparıldı.
Konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş kitab sərgisinə baxdılar. Sərgi maraqla qarşılandı.
Sonda konfrans iştirakçılarına xatirə hədiyyələri bağışlandı, iştiraketmə vərəqələri təqdim edildi.
NMİ-nin Mətbuat və İctimaiyyətlə əlaqələr xidməti