Naxçıvan Müəllimlər İnstitutunda “X-XI siniflərdə riyaziyyat kurikulumlarının məqsəd və vəzifələri“ adlı elmi-praktik konfrans keçirilib.

27 iyun 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda  “X-XI siniflərdə riyaziyyat kurikulumlarının məqsəd və vəzifələri“ mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda tam orta təhsil pilləsinin X-XI siniflərində riyaziyyat fənnini tədris edən bir qrup müəllim, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələri və Naxçıvan Müəllimlər İnstitutunun professor–müəllim heyəti iştirak etmişdir.

Konfransı giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə İnstitutun əməkdaşlığı, ümumtəhsil məktəblərində kurikulumların tətbiqi məsələlərini diqqətə çatdırmışdır. Sonra Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının dosenti Abdulla Həsənov “X-XI sinif riyaziyyat fənninin tədrisinə dair” və həmin kafedranın  müəllimi  Vüqar Həmizəyev  “X-XI sinif riyaziyyat fənninin tədrisində İKT-dən istifadə” mövzularında çıxışlar etmişlər. “Riyaziyyat və tədrisi metodikası” kafedrasının professoru Yaqub Məmmədov  “Riyaziyyat kurikulumları və orta umumtəhsil məktəblərində onun tətbiqi yolları” movzusu  ətrafında öz tövsiyyələrini vermişdir.

Elmi-praktik konfransda həmçinin orta umumtəhsil məktəblərində riyaziyyat fənnini tədris edən bir neçə müəllim “Müasir kurikulumlar və onların tədris prosesində əhəmiyyəti və qarşıya çıxan problemlər” ətrafında fikir mübadiləsi aparmışlar.

Sonda Naxçıvan şəhər Təhsil şöbəsinin  nümayəndəsi Sabir Məmmədov keçirilən konfransın əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Naxçıvan Müəllimlər İnstitutu ilə Naxçıvan Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan bu cür tədbirlər müəllimlərin maariflənməsinə və müasir təlim metodlarının ümumtəhsil məktəblərində tətbiqinə öz müsbət təsirini göstərməkdədir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti