Naxçıvan Müəllimlər İnstitutunda videobağlantı formatında “Şagirdlərdə ədəbi əsərləri təhliletmə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir
Dəyirmi masada İnstitutun “Dillər və ədəbiyyat” kafedrasının professor-müəllim heyyəti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin 30 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdir.
Videobağlantı formatında təşkil olunmuş tədbiri institutun prorektoru Çapay Quliyev açaraq bildirmişdir ki, muxtar respublikamızda təhsilə qayğı təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın yaranması və inkişafı üçün münbit şərait yaratmışdır. Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma istiqamətində müxtəlif təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ixtisasartırma kursları, seminarlar, dəyirmi masalar təşkil edilir. Bu dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində öz səmərəliliyi və gələcəkdə bu istiqamətdə müəllimlərin öz işlərini təkmilləşdirməsi üçün olduqca zəruri və əhəmiyyətlidir.
Mövzunun müzakirəsi dəyirmi masanın proqramına uyğun olaraq iki istiqamətdə nəzərdə tutulmuşdur.
Birinci istiqamət üzrə Dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə elmləri doktoru, professor Akif İmanlı “Ədəbi əsərlərin məzmun və ideya istiqamətlərinin nəzərə alınması” mövzusunda çıxış edərək bildirdi ki, obyektiv varlıq bütün yazıçılarda eyni şəkildə deyil, hərənin öz dünyagörüşü, şüuru nöqteyi-nəzərdən, sənətkarlıq bacarığından asılı olaraq təsvir olunur. Bu mənada, hər bir bədii əsər öz ideya və məzmununa görə fərqlənir. Hər hansı bir əsərin ideya və məzmununu təhlil etdikdə əsəri bütünlüklə təhlil etmək lazımdır.
İkinci istiqamət üzrə Dillər və ədəbiyyat kafedrasının müəllimi, dosent Fəxriyyə Cəfərova “Ədəbi əsərlərdə surətlərin xarakterik xüsusiyyətlərinə uyğun təhlili” mövzusunda çıxış edərək bildirdi ki, bədii əsərlərdə insanlar və onların bir-birinə münasibəti öz əksini tapır. Yazıçılar əsərlərində insanların səciyyəvi cizgilərini əks etdirən surətlər yaradır. Hər bir surət öz psixoloji səciyyə və xüsusiyyətlərinə görə fərdi cizgilərə malik olur. Bədii əsərlərin təhlili zamanı surətlərin bu xüsusiyyətlərini təhlil etmək vacib məsələdir.
Dəyirmi masa iştirakçıların nəzərdə tutulmuş istiqamətlər üzrə fəal fikri mübadilələri şəraitində davam etmişdir.