“İrəvan Müəllimlər Seminariyası və onun Naxçıvan məzunları” mövzusunda seminar keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunda “İrəvan Müəllimlər Seminariyası və onun Naxçıvan məzunları” mövzusunda seminar keçirilib
İnstitutun professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələrinin iştirakı ilə keçirilən seminarda giriş sözü ilə çıxış edən rektor Azad Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması haqqında” imzaladığı sərəncamdan, ölkədə və eyni zamanda muxtar respublikada yaradılan təhsil şəraitindən danışıb, Cənubi Qafqazın maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olduğunu bildirib. Rektor nəzərə çatdırıb ki, İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik, milli-mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir.
Sonra Azərbaycanın tanınmış alimlərindən biri, pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun akademik çıxışı dinlənilib. Bildirib ki, hər bir millət gələcəyə öz tarixinin çiynində gedir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, həm də gələcəklə sıx bağlıdır. Təkcə bu günü deyil, gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı Sərəncam mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.
Professor diqqətə çatdırıb ki, 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib. Fərrux Rüstəmov vurğulayıb ki, Seminariyanın məzunları sırasında ölkənin dörd bir tərəfindən, o cümlədən də Naxçıvandan olan, xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var. Naxçıvan məzunlarından Həmid bəy Şahtaxtinskinin, İbrahim Şahtaxtlının, Tağı bəy Səfiyevin, İbrahim Səfinin, Mirzə Bağır Əliyevin və başqalarının adlarını çəkmək olar ki onların Naxçıvan təhsilinin inkişafında əvəzsiz xidmətləri olmuşdur.
Naxçıvan Müəllimlər İnstitutuna dəvət olunduğu üçün məmnunluq hissini ifadə edən alim ünvanlanan sualları cavablandırıb, seminar iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, əməkdar elm xadimi Fərrux Rüstəmov institutun kitabxana fonduna müəllifi olduğu 6 adda olmaqla 25 kitab hədiyyə edib. İnstitutun rektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq nəşr olunmuş, Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələrinin seçilərək toplu halında oxuculara çatdırıldığı “Pedaqoji fikir tarixindən” kitabını və Naxçıvan Müəllimlər İnstitutundan xatirə hədiyəsini ona təqdim edib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti