Naxçıvan Müəllimlər İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş tədbir  keçirilib

Tədbiri institutun rektoru Elbrus İsayev açdı. O bildirdi ki, görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov 1909-cu ilin may ayında Naxçıvan şəhərində anadan olmuşdur. Görkəmli alimin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 15 aprel 2019-cu il tarixdə Sərəncam imzalamışdır. Bu dövlət sənədində qeyd olunur ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Rektor bildirdi ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq ölkənin elm və ali təhsil müəssisələrində olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda da akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planı hazırlanmış və icrasına başlanılmışdır. Bugünkü tədbir görkəmli alimin “Xatirələr” memuarının müzakirəsinə həsr olunmuşdur. Ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyat tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmalar müəllifi olan görkəmli akademikin bu zəngin yaradıcılıq irsi içərisində “Xatirələr” memuarının dəyirmi masada müzakirəyə çıxarılması heç də təsadüfi deyil.

Belə ki, Azərbaycan tarixinin 20-50-ci illərində baş verən ictimai-siyasi hadisələr fonunda həyatın dibindən böyük üfüqlərə qədər yüksəlmiş bir alimin bu avtobioqrafik əsəri bir tərəfdən onun şəxsiyyətinin miqyası və bütövlüyünü dərk etmək, digər tərəfdən yetişdiyi mühitin tarix kitablarında yazılmayan incəliklərini anlamaq və dəyərləndirmək baxımından son dərəcə əhəmiyyətli bir mənbədir. Bu “Xatirələr”  gələcəyin müəllimlərinin formalaşmasında, onların pedaqoji fəaliyyətlərində, gənc nəslin tərbiyəsində istifadə üçün əvəzolunmaz vəsait, səmimi və inandırıcı həyat hekayətləri kimi dəyərləndirilməlidir. “Naxçıvan xatirələri” və “Bakı xatirələri” kimi iki hissədən ibarət bu toplu özünün əhatə dərəcəsi, daxili məntiqi, ideya istiqaməti, hadisə və ən əsası insanlara münasibəti və yanaşma tərzi, faktların dürüstlüyü və digər məziyyətlərinə görə elmiliklə bədii təsvirin hissolunmaz vəhdəti şəklində oxucuya təqdim olunur. Bu mənbə XX əsrin birinci qərinəsində Naxçıvan ictimai həyatı, etnoqrafiyası, folkloru, dialektologiyası, üməmən mədəniyyəti tarixinin araşdırılma-sında da tədqiqatçılar üçün maraqlı faktlarla son dərəcə zəngindir. Paytaxt Bakıda daha mürəkkəb həyatın içində olması, geniş və rəngarəng hadisələrin ağuşunda yaşaması və daha məsul vəzifələri icra etməsi onun bütöv və miqyaslı şəxsiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. Ümumiyyətlə, şəxsiyyət və zaman problemi bu əsərdə özünəməxsus ifadəsini tapmışdır. Rektor çıxışının sonunda bu əsəri dönə-dönə oxumağı gənclərə tövsiyə etdi.

Dəyirmi masa ətrafında müzakirələrdə Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Akif İmanlı, kafedranın dosentləri Əbülfəz Əzimli, Nəzakət İsmayılova və başqaları, gənc doktorant və magistrantların, habelə tələbələrin nümayəndələri fəal iştirak etdilər, qədim Naxçıvan diyarının görkəmli yetirmələrindən biri olan akademik Məmməd Cəfər Cəfərovun ümumən yaradıcılığı haqqında tutarlı fikirlər söylədilər.

Tədbirin ikinci hissəsində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin istehsalı olan “Alim ömrü” sənədli filminə kollektiv baxış oldu. Sonda alimin kitablarından təşkil edilmiş sərgi tədbir iştirakçılarının marağına səbəb oldu.

NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti