Naxçıvan Müəllimlər İnstitutunda Respublika günü münasibətilə “Son iclas” bədii-sənədli filminə kollektiv baxış oldu
28 May – Respublika günü münasibətilə təşkil edilən tədbiri institutun rektoru Elbrus İsayev açdı. Tarixçi alim “1918-ci ilin 28 mayından başlayan Respublika tariximizin şanlı səhifələri” mövzusunda məruzə ilə çıxış etdi. Rektor vurğuladı ki, 28 may tarixi müasir Azərbaycanda Respublika tarixinin ən şərəfli və şanlı səhifəsi kimi dövlət səviyyəsində hər il qeyd edilir. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixdə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamından geniş danışdı. Bu mühüm dövlət sənədində qeyd edilir ki, “Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”. Natiq onu da əlavə etdi ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan qədim Naxçıvan diyarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən bu yubiley silsilə tədbirlərlə qeyd olunmuşdur.
Rektor Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxaran səbəblər sırasında Azərbaycanda XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, görkəmli Azərbaycan mütəfəkkirləri və ziyalılarının Azərbaycan xalqının zəngin tarixi-dövlətçilik ənənələrindən qaynaqlan milli kimlik və müstəqillik axtarışları və bu istiqamətdəki yorulmaz fəaliyyəti, XIX əsrin sonları və XX əsrin əvvəllərindəki ziddiyətli və mürrəkkəb ictimai-siyasi və tarixi-mədəni şəraiti ətraflı təhlil etdi. Tarixçi alim Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini xüsusilə işıqlandırdı. O, qeyd etdi ki, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti bu qısa müddətdə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Müstəqil Azərbaycan Cümhuriyyəti ilk dəfə qadınlara seçim hüququ tanımaq və qadın-kişi bərabərliyini təmin etməklə yanaşı, milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və sairəni uğurla təmin edib və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınmasına nail olub. Lakin təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb, müvəqqəti olaraq devrildi. Bolşevik Rusiyası Azərbaycanının müstəqilliyinə son qoydu.
Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal ideyası puç olmadı və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cahanşümul fəaliyyəti nəticəsində yenidən bərpa olunmuş müstəqilliyin əbədiləşdirilməsi istiqamətində tarixi nailiyyətlər əldə edildi, Xalq Cümhuriyyətinin ənənələri əsas tutularaq, müstəqil Azərbaycan dövləti yaradıldı. Ulu öndərin rəhbərliyi altında müstəqil respublika mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Rektor çıxışının sonunda tələbə-gəncləri Respublika tariximizin şanlı səhifələrini yazan ata-babalarımızın tövsiyə və istəklərinin reallaşması üçün məsuliyyətli və qətiyyətli olmağa səslədi.
Tədbirin ikinci hissəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” bədii-sənədli filminə kollektiv baxış oldu. Məlum olduğu kimi, ilkn təqdimatı 2018-ci il mayın 25-də Heydər Əliyev Mərkəzində olmuş bu sənət əsəri qısa müddətdə böyük tamaşaçı auditoriyası toplayıb. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və müsəlman-Şərq dünyasında ilk demokratik respublika parlamentinin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Qeyd edək ki, institut rəhbərliyi Respublika günü ərəfəsində bu filmə kollektiv baxışa haqlı olaraq tələbələrin maariflənməsində, onların milli-dövlətçilik və vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyə malik təqdirəlayiq tədbir kimi dəyər verib.