Hərbi-idman oyununun qalibi Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olublar.

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri
Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən hərbi-idman oyununun qalibi olublar.
Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən hərbi-idman oyunu mərhələli şəkildə Naxçıvan Atıcılıq Mərkəzi və “N” hərbi hissənin idman şəhərciyində təşkil edilib.
Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu və Naxçıvan Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 84 tələbə qatılıb. Hərbi-idman oyunu darağa patron doldurulması, avtomatın natamam sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq (100 metr məsafəyə qaçış, turnikdə dartınma), maneələrin dəf olunması və peyntbol mərhələlərindən ibarət olub. Hakimlər heyəti tərəfindən hər bir komandanın mərhələlər üzrə topladığı xallar cəmlənərək yekun nəticə çıxarılıb.
Naxçıvan Müəllimlər İnstitutunun “Müəllimlər” komandası 19 xal yığaraq oyunun qalibi adına layiq görülüb. Naxçıvan Dövlət Universitetinin “Qələbə” komandası yarım xallıq fərqlə ikinci, aktivində 17,5 xal olan Naxçıvan Tibb Kollecinin “Şəfa” komandası isə üçüncü sırada qərarlaşıb.
Komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.
“Vətən naminə” hərbi-idman oyununun keçirilmə məqsədi gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasından ibarət olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti