“Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda “Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Canlı və onlayn formatda paralel olaraq təşkil olunan konfransda respublikanın müəllim hazırlığı ilə məşğul olan bir sıra ali təhsil müəssiələrində çalışan, pedaqoji tədqiqat aparan alimlər, ümumi təhsilin təşkilatçıları, ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri iştirak ediblər.
Plenar iclası institutun rektoru Azad Novruzov açaraq, ölkəmizdə və o cümlədən muxtar respublikada təhsilin bütün sahələrinə göstərilən dövlət qayğısından, müasir tələblərə cavab verən təhsil infrastrukturundan, aparılan təhsil islahatlarından danışıb. Qeyd edib ki, konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə həyata keçirilən davamlı islahatların elmi-nəzəri dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək, və Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədinin əsas müddəalarının reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etməkdir. Bildirib ki, ümumi təhsildə innovasiyaların mahiyyət və istiqamətlərini aşkarlamaq üçün bu sahədə çalışan tədqiqatçıları, təhsil təşkilatçıları və praktik mütəxəssisləri, fənn müəllimlərini, məktəbəhazırlıq və ibtidai sinif müəllimlərini, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərini, pedaqoq və psixoloqları, ümumiyyətlə ümumi təhsilin aktual məsələləri ilə maraqlananları bir araya gətirmək də konfransın əsas mahiyyətini özündə əks etdirir. Rektor vurğulayıb ki, dövlətimizin təhsil siyasətinin uğurla icra olunmasında muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında inkişafda olan kadr potensialı, ali və orta ümumtəhsil müəssisələrinin birgə işirakı ilə təşkil olunan müxtəlif konfranslar, dəyirmi masalar və seminarlarda əməkdaşların təcrübə mübadiləsi bu çağırışlara operativ cavab vermək imkanı verir. Ona görə də istər ali, istərsədə ümumtəhsil müəssələrinin qarşısında duran vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsidir.
Azad Novruzov konfransın işinə və yeni əsr təhsil prioritetlərində, gələcəyimizin qurucuları olan gənc nəslin yetişdirilməsi işində bütün təhsil iştirakçılarına uğurlar, nailiyyətlər arzu edib.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov ümumi təhsilin dövlət standartları üzrə tələbələrin muxtar respublikada uğurlu tətbiqindən danışıb. Bildirib ki, dövlət qayğısı sayəsində ümumi təhsilin maddi-texniki və tədris bazası möhkəmləndirilmiş, təhsil infrasturukturu yaxşılaşdırılmış, ümumi təhsil müəssisələrində 5700-dən çox komputer, 700-dən çox elektron lövhə quraşdırılmış, fənn kabinələri müasir avadanlıqlarla təchiz edilmişdir.
Təhsilverənlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında ümumi təhsilin dövlət standartlarının ən vacib tələblərdən olduğunu diqqətə çatdıran təhsil naziri vurğulayıb ki, hər il 1000-dən çox müəllim Naxçıvan Müəllimlər İnstitunda keçirilən müxtəlif ixtisasartırma kurslarına cəlb olunur. Görülən işlərin nəticəsidir ki, müəllimlər ixtisası üzrə dövrün tələblərinə uyğun qabaqcıl pedoqoji təcrübədən bəhrələnmək bacarığı əldə edirlər. Bu da ümumi təhsil pilləsində tədrisin yüksəlməsinə, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinin artmasına müsbət təsir göstərir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, ümumi təhsilin dövlət standartları ümumtəhsil və ali təhsil məktəblərində təhsil proqramlarında məzmun ardıcılığının gözlənilməsi əsasında tədrisin təşkilini tələb edir. Eyni zamanda ali təhsilinin bakalavriyat və magistratura səviyyələrində baza təhsil proqramları imkan verir ki, ali məktəbin müəyyən etdiyi seçmə fənn bölümündə müxtəlif ixtisaslar üzrə mütəxəssislərin baza təhsil proqramında verilmiş kompetensiyalardan başqa həm də əmək bazarının müasir tələbləri nəzərə alınaraq fənlər müəyyən edilə bilsin. Təbii ki, kadr hazırlığı sahəsində əmək bazarının tələblərini nəzərə alaraq kadr hazırlığı ali təhsil müəssisələrinə işini müasir tələblərə cavab verəcək şəkildə qurmalarına zəruri yanaşmanı tələb edir.
Rektor bildirib ki, ali və ümumtəhsil məktəblərinin müəllimlərinin eyni auditoriyada olmaları, aparılan tədqiqatların təcrübə mübadilə etmələri müəllimlərin gələcək rəqabətqabiliyyətli fəaliyyətlərində olduqca əhəmiyyətlidir.
Bu gün təhsil sahəsində aparılan uğurlu islahatların nəticəsidir ki, hər il ali təhsil müəssisələrinə qəbul olan tələbələrin tədqiqatçılıq qabiliyyətləri və müstəqil düşünmə bacarıqları əsasında formalaşan bazanın keyfiyyəti əhəmiyyətli dərəcədə hiss olunur.
Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb, yeni yanaşmaları tətbiq etməyi bacaran pedaqoji kadrların təcrübələrinin artırılmasında belə konfransların və çap oluna konfrans materiallarının hazırkı və gələcəkdə fəaliyyət göstərəcək kadrlar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasovun “Müasir dövrdə müəllimin peşəkarlığı və nüfuzu mühüm pedaqoji problem kimi”, Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə üzrə prorektoru, Psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin “Təhsildə sosial-psixoloji xidmət mərkəzlərinin yaradılması aktual məsələ kimi” və Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Naxçıvan şəhər ümumtəhsil məktəblərində tətbiq olunan innovativ layihələrə dair” mövzularında məruzələri dinlənilib.
Plenar iclas başa çatdıqdan sonra, konfrans öz işini 9 bölmədə davam etdirib. Konfransda 40-dan çoxu orta ümumtəhsil məktəb müəllimlərinə aid olmaqla ümumilikdə 110-dan artıq məruzə dinlənilib, maraqlı müzakirələr keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransa təqdim edilən məruzələr və tezislər toplu şəklində konfrans materiallarında nəşr edilərək, ictimaiyyətə əlçatan olacaqdır.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti