Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvi obrazı və yaradıcılığı rənglərin işığında” adlı sərgi keçirilmişdir.

_DCS8943

Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvi ili” çərçivəsində 20 may 2021-ci il tarixində İncəsənət kafedrasının təşkilatçılığı ilə Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin “Nizami Gəncəvi obrazı və yaradıcılığı rənglərin işığında” adlı rəsm sərgisi keçirilmişdir.

İnstitutun rektoru Azad Novruzov çıxış edərək, Azərbaycan və dünya ədəbi mühitində, fəlsəfi fikir tarixində özünəməxsus yeri və rolu olan böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığında hümanistliyi, yüksək insani keyfiyyətləri, ədaləti, düzgünlüyü, mərdliyi, vətənpərvərliyi, zəhməti, əməyi, təmiz məhəbbəti tərənnüm etməsindən danışmışdır. Rektor tələbələrin yaradıcılığında bu mövzunun bədii əksini, Nizami dühasını və Nizami yaradıcılığına həsr etdikləri illüstrasiyaları, tematik tabloları yüksək qiymətləndirmiş, tələbələri təbrik edərək tədbiri açıq elan etmişdir.

Sonra İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva çıxışında bildirmişdir ki,  sərgidə tələbələrin 30-a yaxın əsəri nümayiş olunur. Əsərlər təsviri incəsənətin müxtəlif janrlarında – həm rəngkarlıq və qrafika, həm də dekorativ tətbiqi sənət nümunəlidirlər. Sərgidə teatr dekorasıyası nümunələri də öz əksini tapmışdır.

Sonra sərgiyə baxış olmuşdur. Sərgidə tələbələrdən Tənzilə İbadovanın, Zaidova Təranə, Hümbətova Aynurə, Kərimova Günay, Məmmədova Əfsanə, Qurbanova Nuray, Nuriyeva Ayşən, Hacıyev Çinar, Sara Hüseynlinin və başqa tələbələrin əl işləri say çoxluğu, mövzu müxtəlifliyi, kolorit zənginliyi, müxtəlif texnikalarda – tikmə, vitraj, qrafika, rəngkarlıq sahəsində Nizami Gəncəvi portreti, eyni zamanda kompozisiyalı portretləri və s., Nizami Gəncəvi əsərlərinə illüstrasiyalar rəng və kompozisiya bitkinliyi baxımından  diqqəti cəlb etmişdir.

Sərgi ilə yanaşı tələbələrin canlandırdığı Nizami obrazı və “Yeddi gözəl” poemasından hazırlanmış kompozisiyalarda teatr dekorasiya nümunələri, yaradılmış obrazlar maraq doğurmuşdur.

 

 Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti