Tələbə Elmi Cəmiyyətinin yekun konfransı keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin yekun konfransı keçirilib
Konfransda plenar iclası giriş sözü ilə açan institutun rektoru Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti haqqında danışaraq vurğulayıb ki, tələbələrin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilməsi, magistratura, doktorantura və dissertantura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır, mütəmadi olaraq gənc tədqiqatçılar üçün ixtisasartırma kursları və elmi-praktik konfranslar təşkil edilir, onların ölkə və beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Bu istiqamətdə atılan hər bir addım bugünkü Tələbə Elmi Cəmiyyəti üzvlərinin sabahın alimləri kimi yetişdirilməsi işinə xidmət edir. Sonda rektor tədqiqatçı tələbələrə təhsil və tədqiqat fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Plenar iclasda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı “Naxçıvan Müəllimlər İnstitutunda 2021-2022-ci tədris ilində tələbələrin elmi-tədqiqat fəaliyyətinin yekunları” haqqında çıxış edib. Qeyd edib ki, cari tədris ilində institutun 250-dək tələbə və magistrantı, yəni hər 5-6 tələbəsindən biri Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat fəaliyyətinə cəlb olunub, ümumilikdə tələbələrin elmi-tədqiqat işləri sahəsində bu ilki kəmiyyət və keyfiyyət göstəricilərində xeyli irəliləyiş müşahidə edilir.
İnstitutun tədqiqatçı tələbələrindən Aysun Nağdəliyevanın, Səma Hüseynovanın, Səkinə Həsənovanın aktual mövzularda İKT vasitələri ilə təqdim etdikləri məruzələr maraqla dinlənilib.
Sonra yekun konfrans öz işini 10 bölmədə – “Pedaqogika və psixologiya”, “Filoloji fənlər tədrisi metodikası”, “Riyaziyyat və tədrisi metodikası”, “Xarici dillər və tədrisi metodikası”, “Dəqiq elmlər”, “İncəsənət və ictimai fənlər”, “İnformatika və tədrisi metodikası” və digər bölmələrdə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 106 məruzə dinlənilib, müzakirələr aparılıb.
Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib. Hər bölmədə ən yaxşı işlər üzrə bir nəfər I yerə, iki nəfər II yerə və 3 nəfər III yerə layiq görülüb. Bundan başqa ən yaxşı tələbə tədqiqatlarının ümumrespublika tələbə konfransına təqdim edilməsi və institutun elmi buraxılışlarında dərc edilməsi qərara alınıb. Bununla da Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin Yekun Konfransı öz işini uğurla başa vurub.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti