Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.  Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu məqsədlə yubiley tədbirləri davam edir.

4 may 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun “Azərbaycan dili və ədəbiyyat”ı kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan rektor Azad Novruzov qeyd etmişdir ki, Azərbaycanın zəngin ədəbi irsi və mədəniyyətinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi də məhz bu diqqətin təzahürüdür.  N.Gəncəvi ədəbiyyatımızda lirik yaradıcılığı, bəşəri ideyaları, yüksək sənətkarlığı və insan taleyi haqqında humanist düşüncələri ilə seçilən şairlərdəndir. Şərq intibahının zirvəsi olan Nizami yaradıcılığında həmin dövrün ən humanist, ümümbəşəri ictimai-siyasi və sosial mənzərəsi bədii əksini tapmışdır. Şairin əsərlərindəki qəhrəmanlar əsas etibarilə insan şəxsiyyəti və əməyini uca tutaraq haqq, ədalət və düzgünlük uğrunda mübarizə aparmışlar.

Sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının əməkdaşlarından, dosent Şəhla Fətəliyeva “Nizami irsi və milli hüdudlar”, professor Yusif Səfərov  “Naxçıvanda Nizami obrazları ilə səsləşən əfsanələr”, dosent Həsənəli Eyvazov “Nizami Gəncəvi yaradıcılığında ədalətli şah problemi”,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyena “Rəssamların yaradıcılığında Nizami Gəncəvi obrazının  və “Xəmsə”nin bədii təzahürü” mövzusunda çıxış edərək  Nİzami Gəncəvi yaradıcılığına işıq tutmuş, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığını qeyd etmişlər. Vurğulanmışdır ki,  mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuş,  Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına təkan vermişdir.

Konfrans öz işini bölmələr üzrə davam etdirmiş, tələbələrin ifasında şairin qəzəlləri və əsərlərindən parçalar səsləndirilmişdir.