Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə elmi konfrans keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ümummilli liderimizin uzaqgörən siyasəti və Vətən müharibəsindəki Zəfərimiz: möhtəşəm irs və zaman” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, XX əsrin 70-ci illərindən başlayaraq  30 ildən artıq bir müddətdə ölkəmizin bütün sahələrdəki inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummili liderin uzaqgörən siyasətinin əsəri milli, ümumbəşəri dəyərlərə əsaslanan, qüdrətli orduya sahib, inkişaf etmiş təhsil sisteminə malik,  güclü iqtisadi inkişafı şərtləndirən, dünyanın inkişaf etmiş dövlətləri sırasında öz yerini tutan müstəqil Azərbaycandır. Ümummili liderin siyasətinin onun varisi Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bizi Ali Baş Komandan, güclü Azərbaycan ordusu və xalq-dövlət birliyinin əsasında şanlı qələbəyə apardı.

Rektor vurğulamışdır ki, Ulu öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə təhsilin cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirmiş və bu sahənin inkişafını daima diqqətdə saxlamışdır. Onun təhsilin təşkili və inkişafı  istiqamətində qəbul etdiyi  qərarlar, irəli sürdüyü  fikirlər və ideyalar,  tövsiyələr bu gün də ölkəmizdə təhsil siyasətin uğurla davam etdirilməsinə öz töhfəsini verməkdədir.

Ümummilli lider Heydər Əliyev təhsilə strateji sahə kimi baxaraq deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Ulu öndər hər bir vətəndaşın öz həyatını düzgün qurmasında təhsilin əhəmiyyətini izah edərək deyirdi: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır” ifadəsi yuxarıdakı fikri təsdiq edir.

Sonra institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev “Qarabağ Azərbaycandır!” çağırışından Böyük Qayıdışa döğru: dövlət və xalqın vəhdəti dünən və bu gün” mövzusunda çıxış edərək bildirmişdir ki, dövlət və xalq birliyinin 44  günlük Vətən müharibəsində şahidi və yaşayıcısı olduq. Bu birliyin formalaşmasını, xalqın öz dövlətinə inamının əsasını çox da uzaq olmayan köklərini təhlil etməklə xalq və dövlət birliyinin dünənini və bu gününü yaxşı dərk etmək mümkündür. Pororektor vurğulamışdır ki, “Qarabağ Azərbaycandır!” çağrışı bütün Azrəbaycan xalqını bir amal uğrunda birləşdirən Böyük Qayıdışın əsas təsir amilinə çevrildi.

İnstitutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə  “Heydər Əliyevin gənclər siyasəti və müharibədə zəfər çalan gəncliyimiz” mövzusunda çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, bu siyasi kursun uğuru olaraq Vətən müharibəsində zəfər çalan gəncliyimizdən danışdı.

Naxçıvan Müəllimlər İnstitutu Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti