Naxçıvan Müəllimlər İnstitutunda yeni dərslik və dərs vəsaitlərinin təqdimatı keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda “Yeni nəşrlərimizdən” silsiləsi çərçivəsində institutun əməkdaşları dosent Sahib Əliyev, dosent Azad Novruzov və baş müəllim Ceyhun Əliyevin həmmüəlliflikləri ilə  “Riyazi analiz”, professor Yaqub Məmmədov, dosent Abdulla Həsənovun həmmüəlliflikləri ilə “Elementar riyaziyyat (həndəsə)” və baş müəllim Yusif Fərzəliyev, dosent Azad Novruzov və baş müəlim Ceyhun Əliyevin həmmüəlliflikləri nəşr olunmuş “Planimetriyaya aid məsələlər (həlli ilə)” adlı dərslik və dərs vəsaitlərinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində “Ali riyaziyyat və informatika”, “Riyaziyyat və tədrisi metodikası” kafedralarının professor-müəllim heyyəti, struktur rəhbərləri və Riyaziyyat və informatika müəllimliyi ixtisasının bir qrup tələbəsi iştirak etmişdir.

Təqdimatı institutun rektoru Azad Novruzov açaraq ixtisasların tədris proqramlarına uyğun müasir dərslik, dərs vəsaitlərinin hazırlanmasının zəruriliyini qeyd etmişdir. Bu istiqamətdə institutda görülən işlərdən danışan rektor vurğulamışdır ki,  “Riyaziyyat və informatika müəllimliyi” və “Riyaziyyat müəllimliyi” ixtisaslarının tədris proqramlarına uyğun hazırlanmış təqdimatı keçirilən dərslik, dərs vəsaitləri ixtisas tələbələri və müəllimlər üçün olduqca əhəmiyytlidir.

Sonra professor Yaqub Məmmədov, dosent Elşad Ağayev çıxış edərək təqdim olunan dərslik və dərs vəsaitlərinin elmi və metodiki əhəmiyyətinə diqqət çəkməklə yanaşı verilmiş mövzuların vizual olaraq izah olunmasını tələbələrin sərbəst öyrənmələri baxımından olduqca anlaşıqlı tərtibata malik olduğunu vurğulamışlar.

Sonda müəlliflərə söz verilmiş, kitablardan tələbələrə və institutun kitabxanasına hədiyyə edilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti