“Məktəbəqədər təhsilin təşkilinə yeni çağırışlar və innovativ yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə muxtar respublika məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün “Məktəbəqədər təhsilin təşkilinə yeni çağırışlar və innovativ yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda kafedranın əməkdaşları, tələbələri və muxtar respublika məktəbəqədər təhsil müəssisələrinin 60 nəfər tərbiyəçi-müəllimi iştirak edib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qeyd edib ki, məktəbəqədər təhsil sahəsində son illər qəbul edilən əsas sənədlər bu sistemdə işləyən mütəxəssislərin səriştəliliyini, metodik işin təşkili, yeni yanaşmaların səmərəli tətbiqi, təlim prosesinin idarəedilməsi, valideynlərlə işin forma və metodları, yeni fəaliyyət şərtləri bu sahədə təlimin təşkilini təmin edir. Prorektor vurğulayıb ki, qarşıya qoyulan standartlara cavab verməyə nail olmaq bizim işimizin əsas tələblərindən biridir.
Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimləri Leyla Qurbanovanın “Məktəbəqədər təhsildə fəal təlimin metodlarından istifadə” mövzusunda, Aynurə Məmmədovanın “Məktəbəqədər təhsildə inkluzivlik” mövzusunda, Psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyevanın “Məktəbəqədər təhsildə uşaqların fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınması” mövzusunda çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, metodik işin təşkili zamanı səriştəlilik, şəraitin, dəyərlərin oriyentasiyası, pedaqoqun təcrübəsi və peşəkarlıq səviyyəsi, motivasiya qurma xüsusiyyətləri və tərbiyəçi-müəllimlərin öz peşəkarlıqlarına münasibəti nəzərə alınmalıdır. Bildirilib ki, metodik işin yenilənməsi parametrləri- pedaqoji kadrlarla işin təşkili, ənənəvi təcrübədən yaradıcı istifadə, təlim prosesinə yeniliklərin daxil edilməsi təcrübəsinin təkmilləşdirilməsi də vacib məsələlərdəndir. Həmçinin təlim-tərbiyə prosesində aparılan işlərdə valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır.