“Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

13 aprel 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Konfransda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqlqrı və müəllimləri iştirak etmişdir. Konfransı Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reablitasiyası üçün bir sıra Dövlət Proqramları qəbul edilmişdir ki, onların icrası bütün cəmiyyət üzvləri ilə yanaşı biz təhsil işçiləri qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. 2016-2020 və 2021-2025-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqram”ları muxtar respublikada bu sahədəki işlərin məqsədyönlü həyata kecirilməsini təmin etmişdir. Məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi, bu istiqamətdə kadr hazırlığının gücləndirilməsini, pedaqoji kadrların bu sahəyə aid bilik və bacarıqlarının təkmilləşdirilməsini tələb edir.  Peşəkar bacarıqlar sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün vacib şərtlərdən biridir.

Sonra rektor qeyd etmişdir ki,  sağlamlıq imkanları məhdudlar  içərisində Autizmi sindromu olanlar daha çoxluq təşkil edir. Aprel ayı dünyada Autizm Maarifləndirmə ayı kimi  geniş qeyd edilir. Aprel Dünya Autizm məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il qərarı ilə təsis olunmuşdur. Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Bu sindrom haqqında istər pedaqoji heyət, istərsədə  valideyinlər arasında daima maarifləndirici iş aparmaq lazımdır.

       Sonra konfransın proqramına uyğun olaraq Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərovun “Sağlamlıq imkanları məhdud uşaqlarla aparılan işin təşkili”, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət sosial təminat xidmətinin rəisi Vüqar Məmmədovun      “Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısı”, Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayevanın “Autizm haqqında məlumat, autizmin əlamətləri və digər sindromlarla fərqi”, Regional İnformasiya Mərkəzinin müəllim-psixoloqu                                            

 Ağabəyim Bağirovanın “Autizmlərdə nitqin inkişafı problemləri” və Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının müəllimi Almaz Məmmədovanın “Autizmdə təlim, terapiya və müalicə metodları” mövzularında məruzələri dinlənilmişdir. Autizm sindromunun terapiyası yolları və metodlarını özündə əks etdirən praktik video nümunələrə baxış olmuşdur.

Naxçıvan Müəllimlər İnstitutu mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.