Naxçıvan Müəllimlər İnstitutunda kurikulum islahatlarına həsr olunmuş elmi-praktik konfrans öz işinə başladı
Naxçıvan Müəllimlər İnstitutunda 5 aprel 2019-cu il tarixdən iki gün davam edəcək “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” adlı elmi-praktik konfransın plenar iclası olmuşdur. İclasda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və muxtar respublikada fəaliyyət göstərən ali məktəblərin pedaqoji kollektivlərinin nümayəndələri iştirak etmişlər. Konfransı institutun rektoru Elbrus İsayev açaraq iştirakçıları salamlayaraq bildirdi ki, bugünkü elmi-praktik konfrans istər mövzusunun aktuallığına və əhəmiyyətinə, istərsə də miqyasına görə institutun həyatında mühüm tədbir kimi diqqəti cəlb edir. Belə ki, cari tədris ilində ölkəmizdə müstəqillik illərinin ən mühüm təhsil islahatlarından olan ümumi təhsildə kurikulum islahatlarının tətbiqi ilə tam orta təhsil almış ilk məzunlar müstəqil həyata qədəm qoyacaqlar. Bu məzunların əhəmiyyətli bir hissəsi builki tələbə qəbulu kampaniyasının yeni qaydaları əsasında ali təhsil müəssisələrinin tələbələri olacaqlar. Bir tərəfdən, bir ali təhsil ocağı kimi bu məzunların gələcək ali təhsilini düzgün qurmaqda, digər tərəfdən isə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta pillələri üzrə onbirillik kurikulum islahatlarının ilkin nəticələrini elmi-əməli cəhətdən təhlil etməyə, bu islahatların fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarına uyğunluq dərəcəsini və gələcək perspektivlərini, kurikulumların tətbiqi sahəsindəki qazanılmış təcrübənin paylaşılmasını təmin etmək məqsədilə bugünkü elmi konfrans əhəmiyyətlidir. Digər tərəfdən, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında pedaqoji kadrların hazırlanması üzrə ixtisaslaşmış Naxçıvan Müəllimlər İnstitutunda bu istiqamətlə yanaşı, muxtar respublikamızda müəllimlərin davamlı peşəkar inkişafı, onların ixtisasartırması və təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə fəaliyyət göstərən pedaqoji ictimaiyyətin elmi-metodik təminatı, ümumi təhsildə islahatların həyata keçirilməsinə hərtərəfli dəstək verilməsi, bu sahədə mövcud təcrübənin mütəmadi öyrənilməsi, təhlili, ümumiləşdirilməsi, elmi-metodik və elmi-təşkilati tövsiyələrin işlənilib hazırlanması və digər işlərin görülməsi üzərimizə qoyulmuş funksional vəzifələr sırasındadır. İnstitutda bu gün öz işinə başlayan elmi-praktik konfrans bu istiqamətdə reallaşdırılan çoxsaylı və sistemli tədbirlərdən yalnız biridir. Problemin müzakirəsinə həsr olunan bu tədbirdə muxtar respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində çalışan alim və mütəxəssislər, habelə ümumtəhsil fəaliyyəti ilə məşğul olan fənn müəllimləri və təhsil təşkilatçılarının 100-dən artıq məruzəsi 2 gün müddətində dinləniləcəkdir. İxtisaslaşmış auditoriyalarda geniş müzakirələrin aparılması, məruzələrin tezislər şəklində nəşr edilməsi nəzərdə tutulmuşdur.
İnstitutun rektoru Elbrus İsayev Naxçıvan Müəllimlər İnstitutunda ümumi təhsildə kurikulum islahatları ilə bağlı indiyədək görülmüş işlər və qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi. Qeyd olundu ki, ümumi təhsildə kurikulum islahatlarının vəziyyəti və perspektivlərinə dair məsələlərin elmi-nəzəri və elmi-metodik təminatını bundan sonra daha da gücləndirmək məqsədilə institutda kadr hazırlığı, elmi-tədqiqat, əlavə təhsil və digər fəaliyyət istiqamətlərini əhatə edən kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Yeni tədris ilindən bütün müəllimlik ixtisasları üzrə “Təhsilin pillələri üzrə kurikulumun əsasları”na dair seçmə fənlərin kredit həcmlərinin artırılması, auditoriyadankənar məşğələ və məsləhət saatlarında mövzunun prioritet sayılması, kafedraların və əlavə təhsil bölməsinin iş planlarında problemin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi və yayılmasına geniş yer verilməsi, ümumtəhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkar inkişafı üzrə ixtisasartırma və təkmilləşdirmə kurslarının sistematik və keyfiyyətli təşkilinə nail olmaq, kafedralar üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin istiqamətinin daha çox kurikulumun ən müxtəlif aspektlərinə həsr olunması və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İctimaiyyətin maariflənməsinin çox mühüm amil olduğunu nəzərə alaraq institutumuzun professor-müəllim heyəti və mütəxəssislərinin ölkədəki ənənəvi və elektron KİV-də müntəzəm və sistemli çıxışlarının daha da intensivləşdirilməsi məqsədəuyğun sayılr. Naxçıvan dövlət televiziyasında yayımlanan “Təhsil və zaman” verilişnin müntəzəmliyi və əhatəliyininin təmin edilməsi vacib vəzifələrdəndir. Yekunda onu da qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutu aktuallığını və əhəmiyyətini nəzərə alaraq kurikulum problemlərinə həsr olunan bu elmi konfransların hər il keçirilməsini zəruri sayırıq
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov çıxış edərək bildirdi ki, muxtar respublikanın ali təhsil müəssisələrində, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda yaradılan yüksək tədris şəraiti bu ali təhsil müəssisələrində müasir təlim metodlarını mənimsəyən ixtisaslı kadr hazırlığını yaxşılaşdırıb. Bu da məktəblərimizin müəllimə olan tələbatının ödənilməsində,eləcədə tədrisin yaxşılaşmasında mühüm rol oynayır. Nazir onu da qeyd etdi ki, muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan təhsil şəraitinin və fənn kurikulumlarının düzgün tətbiqinin nəticəsidir ki, ötən il buraxılış imtahanlarının nəticələri Azərbaycanın orta statistik göstəricisindən yüksək olub.
Konfransın bu gün keçirilən plenar iclasında dörd məruzə dinlənildi. Naxçıvan Şəhər Təhsil Şöbəsinin Metodiki kabinetinin müdiri Sabir Məmmədov “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində kurikulumların tətbiqi vəziyyəti və qarşıda duran vəzifələr”, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “Fənn kurikulumlarının tətbiqində inteqrasiya məsələlərinə dair”, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyeva “Şagird nailiyyətlərinin qiymətləndirilməsində taksonomiyaların rolu və əhəmiyyəti” və Naxçıvan Müəllimlər İnstitutunun Ali Riyaziyyat və İnformatika kafedrasının müəllimi Səminə Rüstəmova “Elektron lövhə texnologiyaları interaktiv təlim prosesinin əyaniliyinin əlverişli vasitəsi kimi” mövzularında məruzələrlə çıxış etdilər. Məruzələr konfrans iştirakçılarının diqqətinə İKT-nin tətbiqi ilə təqdim olundu. Verilən suallar cavablandırıldı, müzakirələr canlı keçdi.
Konfrans iştirakçıları üçün kurukulum problemlərinə həsr edilmiş kitab və məcmuələr, institut əməkdaşlarının elmi əsərlərindən təşkil edilmiş sərgi marağa səbəb oldu. 6 Aprel 2019-cu il tarixdə konfrans öz işini yeddi bölmədə davam etdirəcək.