03 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirin əsas məqsədi, ali təhsil müəssisələrində işləyən müəllimlərə və tələbələrə fövqəladə hallar zamanı düzgün davranış qaydalarını öyrətmək, həmçinin, valideyn himayəsindən kənarda yaşayan tələbələrin dəm qazı təhlükəsindən qorunması üçün tədbirlərin görülməsidir.
Seminar-müşavirəyə başlamazdan əvvəl, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, seminarın əhəmiyyətini vurğulayıb, fövqəladə hallar zamanı düzgün davranış qaydalarının tədrisinin və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin təhsil müəssisələrində vacib olduğunu qeyd edib. O, həmçinin, belə seminarların tələbələrin və müəllimlərin həyati təhlükələrə qarşı hazırlığının artırılması baxımından böyük rol oynadığını bildirib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov, seminar iştirakçılarına Muxtar Respublika ərazisindəki fövqəladə hallar, onların xüsusiyyətləri və fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verib. Həmçinin, Mirtaleh Seyidov, mənzillərdə qaz və elektrik cihazlarının istifadəsi zamanı baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması üçün görülməsi vacib tədbirləri də iştirakçıların diqqətinə çatdırıb.
Seminarda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin inspektoru, daxili xidmət kapitanı Toğrul Hacıyev təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının əhəmiyyətini və yanğın hadisələri zamanı düzgün davranış qaydalarını izah edib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət leytenantı Nurlan Sadiqov isə təhsil müəssisələrində ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi barədə məlumat verib. Eyni zamanda, iştirakçılara Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xətti və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidmət nömrələri barədə də məlumatlar verilib.
Tədbir zamanı slayd və videoçarxlar vasitəsilə təqdim olunan mövzulara dair iştirakçıların sualları cavablandırılıb.
Seminarın sonunda Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov tədbirə yekun vuraraq, iştirakçılara təşəkkür edib və seminarın əhəmiyyətini bir daha qeyd edib.
Qeyd edək ki bu seminar, Naxçıvan Muxtar Respublikasında fövqəladə hallara qarşı hazırlığın gücləndirilməsi və təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi məqsədini daşıyıb.