“Pedaqoji fikir tarixindən” adlı kitabın təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali
Məclisinin Sədri tərəfindən təsdiq olunmuş 2019-cu il üzrə tədbirlər planına əsasən
“Pedaqoji fikir tarixindən” adlı kitabın təqdimatı keçirilib. Naxçıvan Müəllimlər
İnstitutunun rektoru, dosent Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki,
pedoqoji fikir tarixinə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını,
ondan qüvvət aldığını görürük. Keçmişlə müasirliyi düzgün uzlaşdırmadan, onu düzgün
dəyərləndirmədən və müqayisə etmədən bu günkü məktəbimizin və pedoqoji fikrimizin
səviyyəsini müəyyənləşdirmək olmaz. Bu səbəbdən kitab ali məktəb tələbələri və
pedaqoqlar üçün dəyərli mənbə, ictimaiyyət üçün stolüstü kitab səciyyəsi daşıyır.
Rektor qeyd edib ki, Naxçıvan Müəllimlıər İnstitutunda növbəti tədris semestrindən
“Pedaqoji fikir tarixi”  adlı seçmə fənnin tədris planına salınması və pedaqoji fikir tarixi
ilə əlaqəli mövzuların tədqiqata cəlb olunması nəzərdə tutulur.


Naxçıvan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar
Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Surə Seyid çıxışında
vurğulayıb ki, elmin və təhsilin davamlı inkişafı muxtar respublika rəhbəri tərəfindən
daim diqqət mərkəzində saxlanılır. 2014-cü il 4 sentyabr tarixli Fərmanla Naxçıvan
Muxtar respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bugünədək
Fondun təşkilatşılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar,
dəyirmi masalar və disputlar keçirilib, ümumilikdə elmi innovasiyaların, elmi
yeniliklərin, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. Bugünədək Bilik Fondunun
maliyyə dəstəyi ilə onlarla kitab və jurnal nəşr olunaraq müvafiq qurumlara hədiyyə
edilib. Əhalinin elmi-texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar
biliklərinin artırılması istiqamətlərində görülmüş bu işlərin davamı olaraq Naxçıvan
Muxtar Respublikası Ali Məclisi yanında Bilik Fondu 2019-cu ilin tədbirlər planına
əsasən “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində 10000 tirajla “Pedaqoji fikir
tarixindən” kitabı nəşr etdirib.
Yeni nəşrdə tərbiyə, təhsil, təlim problemlərini, ayrı-ayrı görkəmli maarifpərvər
şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji xidmətləri və görüşlərini, ayrı-
aryı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən
şəxslərin fəaliyyətini ümumiləşdirilib, yaşanmış tarixin elmi-pedaqoji mənzərəsi
meydana qoyulub. Təbii ki, bu tarixi təcrübələr, görüşlər və nəzəri fikirlər təkcə
tarixiliyinə görə deyil, varisliyi və müasir əhəmiyyətinə görə də qiymətlidir. Bu əsər
Azərbaycan təhsil tarixində ən qabaqcıl və dəyərli fikirlərin toplusu olmaqla
Azərbaycan mütəfəkkirinin elm, təhsil, təlim, tərbiyə haqqında fikirlərinin
sistemləşdirilmiş ilk məxəzidir. Maarifçilik ideologiyasının carçısı olan “Füyuzat”
jurnalında əks olunan bir dəyərli fikri xatırlatmaq yerinə düşər: “Mənəvi tərbiyəsini
düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”. Əhalini maarifləndirmək,
ictimaiyyətə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər
çatdırmaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi dəyərlərin carçısı olan
bu kitab hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin
formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də
həmişə aktuallığını qoruyub saxlayacaqdır.


Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin,
Naxçıvan Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl
Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, son illər Naxçıvan Muxtar
Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan
dövlət sənədləri mütərəqqi təhsil imkanlarını artırmaqla yanaşı milliliklə bəşəriliyin
nümunəvi modelini təqdim edir. İmzalanmış mühüm dövlət sənədləri təhsilimizin
maarifçi ruhunda inkişafına təkan verməklə tarixiliklə müasirliyin vəhdətində inkişaf
edir.

Qeyd olunub ki, ümumiyyətlə Məktəbimizin və pedaqoji fikrimizin keçmişini
öyrənmək, onun hazırkı vəziyyətini də müqayisə edib öyrənməyə kömək edir. Keçmiş
irsimizə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan
qüvvət aldığını da görürük. Keçmişlə müasirliyi düzgün uzlaşdırmadan, onu düzgün
dəyərləndirmədən, müqayisə etmədən bugünkü məktəbimizin və pedaqoji fikrimizin
səviyyəsini müəyyənləşdirmək çətindir. Bu gün tarixçilər, pedaqoqlar, bütövlükdə
maarif işçiləri qarşısında mühüm bir vəzifə qoyulmuşdur: Azərbaycanı sevərək, onun
keşiyində duraraq, ona xidmət edərək, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək.
Buna görə ilk növbədə uzun illər səylə milli zəmindən uzaqlaşdırılmış, xalq
pedaqogikasının məzmunundan ayrı salınmış tərbiyə sistemimizi formalaşdırıb,
meydana çıxarmaq müstəqillik dövrü təhsil islahatlarının mühüm hissələrindən biridir.
Yeni nəşr şifahi xalq ədəbiyyatımızda, zəngin və dünya şöhrətli klassik irsimizdə,
Azərbaycan xalqı üçün yaxın və məqsədyönlü olan Şərq ənənələrində və həm də
ümumbəşəri dəyərlərdə öz əksini tapan təlim-tərbiyə məsələlərinin tədqiqi və təbliği
baxımından nümunəvi qiymətli əsər hesab oluna bilər. Bu günki kitab təqdimatı Muxtar
Respublikamızda təhsil quruculuğunun yeni məzmun xüsusiyyətlərinə öz töhfəsini
verir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu
sahəsində aparılan işlər çərçivəsində müasir təlim metodının uğurlu tətbiqinə yönəlmiş
strateji əhəmiyyyətli tədbirlər xüsusi yer tutur. Sonda kitabda əsərləri yer alan
müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş slaydlar, tələbələrin ifasında “Pedaqoji
fikir tarixindən” kitabından seçmələrdən ibarət bədii kompozisiya nümayiş olunub,
“Pedoqoji fikir tarixindən” kitabı müəllimlərə təqdim edilib.

Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat xidməti