Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab təqdimatı mərasimi keçirilmişdir

Bu ali təhsil ocağında Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Vahid Rzayevin “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının təqdimat mərasimi olmuşdur. Mərasimi giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq tədbirin məqsəd və əhəmiyyətindən bəhs etdi. Natiq qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanı həmişə “Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyar”ı, müstəqillik dövründə ali təhsilin Naxçıvanda uğurlu inkişafını isə “min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının nəticəsi” kimi dəyərləndirmişdir. Dahi şəxsiyyətin bu müdrik kəlamının işığında ölkəmizdə, o cümlədən qədim tarixə malik Naxçıvan diyarında çoxsaylı dəyərli əsərlər ərsəyə gəlmişdir. Ölkəmizin elmi-pedaqoji mühitində kifayət qədər tanınmış alim və Əməkdar müəllim  Vahid Rzayevin təqdim olunan bu kitabı həmin kəlamın işiğında muxtar respublikamızda bugünkü təhsil quruculuğunun geniş vüsət almasının tarixi köklərinə nəzər salmaq baxımından böyük əhəmiyyətə malikdir. O əlavə etdi ki, mütəxəssislər bu monoqrafik tədqiqat əsərini azərbaycanşünaslığımızın tərkib hissəsi olan naxçıvanşünaslığa töhfə kimi də qiymətləndirirlər.

Natiq sözünə davam edərək bildirdi ki, ölkəmizdə ali təhsil sahəsində dövlət siyasətinin tərkib hissəsində “tədris-tədqiqat-innovasiya” üçlüyünün reallaşdırılması mühüm yer tutur. Ali təhsildə tədris və elmi tədqiqatın vəhdətini və qarşılıqlı əlaqələrini təmin etmək, elmi araşdırmaları təhsilin tələbləri istiqamətində qurmaq, elmi nəticələri səmərəli şəkildə tədrisdə tətbiq etmək yekunda təhsilin keyfiyyətinin yüksəldilməsinə, insan kapitalının zənginləşməsinə xidmət edir. Ümumiyyətlə elm və təhsil, xüsusən də təhsil və pedaqoji fikrin müxtəlif aspektlərdə araşdırılmasına həsr olunmuş əsərlərin operativ və məqsədyönlü şəkildə elmi-pedaqoji ictimaiyyətə təqdim olunması məsələlərinə müəllim hazırlığı ilə məşğul olan ali təhsil ocağı kimi institumuzda da ciddi fikir verilir. Bu istiqamətdə son zamanlar institutda keçirilmiş tədbirlər, o cümlədən “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmiş “Pedaqoji fikir tarixindən” kitabının təqdimat mərasimi muxtar respublikamızda məmnunluq doğurmuşdur. Bu aspektdən yanaşdıqda da bugünkü təqdimat mərasiminin təşkili heç də təsadüfi deyil. Tədqiqatçı dosent Vahid Rzayevin bu monoqrafiyasını ali təhsilin müxtəlif səviyyələrində ixtisaslı kadrlar hazırlayan, habelə bu istiqamətdə elmi tədqiqat fəaliyyəti ilə məşğul olan elm və təhsil müəssisələrində çalışanlar, həm də sabahın müəllimləri olan tələbələr, gənc tədqiqatçı-magistrant və doktorantlar üçün əvəzedilməz mənbə kimi dəyərləndirmək olar.

Təqdimat mərasimində “Naxçıvan” Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev “Elmi-pedaqoji mühitimizin  nailiyyəti” mözusuda məruzə ilə çıxış etdi. Məruzəçi təqdim olunan kitabın məziyyətləri haqqında ətraflı bəhs etdi. Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli və başqaları məruzə ətrafında çıxış etdilər. Məruzə və çıxışlarda qeyd olundu ki, monoqrafiyada Azərbaycanın əzəli bölgələrindən olan Naxçıvan diyarında ən qədim dövrlərdən başlamaqla əsasən XIX əsrdə və XX əsrin əvvəllərində məktəb və pedaqoji fikrin tarixi sistemli şəkildə və xronoloji ardıcılıqla təsvir və təhlil edilmiş, ümumiləşdirmələr aparılmışdır. Kitab pedaqoji kadrların hazırlığı ilə məşğul olan ali təhsil ocaqlarında tədris prosesində, habelə elmi araşdırma aparan mütəxəssislər, ümumiyyətlə təhsil və pedaqoji fikrin tarixi ilə maraqlanan şəxslər üçün dəyərli mənbədir. Sonra kitabın müəllifi tədqiqatçı-alim və təcrübəli pedaqoq Vahid Rzayev ölkəmizdə elm və təhsil işçilərinə göstərilən dövlət qayğısının təzahürü kimi bu tədbirin təşkilinə görə minnətdarlığını bildirdi və əmin etdi ki, bundan sonra da elmi yaradıcılıq fəaliyyətini davam etdirəcək, yeni əsərləri ilə pedaqoqlarımızın görüşünə gələcəkdir.

Sonda müəllif institut kitabxanasına və tədbirdə iştirak edən gənc pedaqoqlara yenicə işiq üzü görmüş kitabının nüsxələrini hədiyyə etdi.