Naxçıvan Müəllimlər İnstitutunda AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüş keçirilmişdir

FB_IMG_1552672124760

Məlum olduğu kimi, bu ildən ölkəmizdə 27 mart “Elm günü” kimi qeyd ediləcək. Bu münasibətlə ölkəmizin elm və təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil edilir. Naxçıvan Müəllimlər İnstitutunda cari ilin mart ayında “Elm aylığı”nın keçirilməsi qərara alınmışdır. Aylıq çərçivəsində artıq bir sıra elmi və elmi-təşkilati tədbirlər həyata keçirilmişdir.

Bu gün təhsil ocağında “Elm aylığı” çərçivəsində növbəti tədbir olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüş təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev muxtar respublikada fəaliyyət göstərən tanınmış alimləri salamlayaraq, görüşün böyük əhəmiyyətə malik olduğunu xüsusilə vurğuladı. Natiq Azərbaycanın dövlətçilik tarixində elmə və təhsilə göstərilmiş qayğının nümunələrindən danışaraq qeyd etdi ki, bu ənənələrin XX əsrin sonlarında və müstəqillik dövründə ölkəmizdə yeni məzmunla zənginləşdirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Buna bariz nümunə kimi əzəli və əbədi Naxçıvan torpağında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasını göstərmək olar. Ümummilli liderin xüsusi Sərəncamı ilə yaradılmış AMEA-nın Naxçıvan Bölməsi məxsusi inkişaf yolu keçmiş, hazırkı yüksək səviyyəyə gəlib çatmışdır. O, qeyd etdi ki, tarix boyu ölkə və dünyaya həm də neçə-neçə görkəmli elm xadimi bəxş etmiş bu qədim Azərbaycan diyarında son illərdə muxtar respublika rəhbərliyinin elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı danılmazdır. Rektor vurğuladı ki, elm xadimlərinin gələcəyin alimləri ilə görüşməsi, tanınmış alimlərin öz şəxsi nümunələri əsasında böyük elmə gəlişin xüsusiyyətlərindən danışması, gənclərə əməli tövsiyə və məsləhətlər verməsi, onları elmi-tədqiqat fəaliyyətinə həvəsləndirməsi ali təhsil ocağında bu istiqamətdə aparılan gündəlik işlərə yeni təkan verir. Sonda Elbrus İsayev AMEA-nın Naxçıvan Bölməsi ilə Naxçıvan Müəllimlər İnstitutu arasında əməkdaşlığın intensivləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd etdi. Tələbələrlə görüşə böyük həvəslə gəldiklərini qeyd edən AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Akademiya Azərbaycan xalqının milli sərvətidir” formulunu dövlət siyasətinin prioritetinə çevirən, Naxçıvan Bölməsinin yaradılması və formalaşmasını şəxsi nəzarətində saxlayan Ümummilli lider Heydər Əliyevin bu sahədəki tarixi fəaliyyətindən, ölkə elmində akademiya sisteminə buğünkü dövlət qayğısından, muxtar respublikada elmin təşkili və idarə olunmasına, onun planlı şəkildə inkişaf etdirilməsinə göstərilən diqqətdən ətraflı bəhs etdi. Akademik bölmənin strukturu, fəaliyyət istiqamətləri və vəzifələri ilə tədbir iştirakçılarını yaxından tanış etdi. İnstitutun digər qonaqları – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası
şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev görüşdə çıxış etdilər. Onlar rəhbərlik etdikləri elmi qurumların fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verdilər. İKT-nin tətbiqi ilə müşayiət olunan təqdimat mərasimindən sonra tanınmış alimlər sabahın tədqiqatçılarının çoxsaylı suallarını cavablandırdılar. Sonda alimlər və tələbələr xatirə şəkli çəkdirdilər. Qonaqlar institut kitabxanasına bölmənin yeni elmi nəşrlərini bağışladılar. Tədbir Naxçıvan Müəllimlər İnstitutun maddi-texniki bazası və tədris prosesinin gedişi ilə yaxından tanış olmaqla yekunlaşdı. İştirakçıların rəylərinə görə, görüş bugünün və sabahın alimlərinə xoş və unudulmaz təəssürat bağışladı.