Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində növbəti tədbir keçirilmişdir
Ali təhsil ocağında çalışan gənc doktorantlar, magistrant və tələbələrin fəal iştirakı ilə “Ali məktəbdə gənclərin innovasiya təşəbbüskarlığının dəstəklənməsi və elmi nailiyyətlərin təqdim və tətbiq olunması” mövzusunda dəyirmi masa keçirilmişdir. Təcrübəli tədqiqatçı-pedaqoqların da dəvət edildiyi tədbiri giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev qeyd etdi ki, müasir dünyada istənilən bir ölkədə iqtisadiyyatı uğurla inkişaf etdirmək üçün innovativ ideyaların tətbiq olunması və bu prosesin effektiv şəkildə həyata keçirilməsi qaçılmazdır. Elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində dövlətimizin həyata keçirdiyi siyasəti şərtləndirən amillər, bu istiqamətdə qəbul olunmuş mühüm dövlət sənədləri, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il Sərəncamı və digərlərinin mahiyyəti, məzmunu və qarşıya qoyduqları vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Natiq Azərbaycan Respublikasında innovasiya pontensialı və inkişafının müasir vəziyyəti, Azərbaycanda dövlət innovasiya siyasətinin reallaşma istiqamətləri, innovativ ideyalar əsasında yaranmış Azərbaycan brendlərindən danışdı. Muxtar respublikanızda bu sahədə görülənlən işlərdən, yaradılmış şəraitdən bəhs etdi. Qeyd olundu ki, ötən il institutumuz muxtar respublika səviyyəsində keçirilən startap müsabiqəsində bir neçə layihə ilə iştirak etmiş, “Nads” layihəsi birinci yerə layiq görülmüşdür. Rektor Naxçıvan Müəllimlər İnstitutunda çalışan gənc doktorantlar, təhsil alan magistrant və tələbələri innovativ inkişaf yönümlü tədbirlərdə, o cümlədən startap fəaliyyətində fəal iştiraka dəvət etdi və institut səviyyəsində belə fəaliyyətin dəstəklənməsi üçün zəruri və mümkün olan bütün işlərin görüləcəyini bildirdi.
Mövzu ətrafında müzakirələr maraqlı oldu. Gənclərin müzakirələrdə fəal iştirakı, bu sahədə nümayiş etdirdikləri biliklər, dünya və ölkə təcrübəsinə aid faktlar barəsində verdikləri məlumatlar, etdikləri təkliflər, qaldırdıqları məsələlər dəyirmi masanın əhəmiyyətini xeyli artırmış oldu. Tədbir təşkilatçıları və tədqiqatçı-pedaqoqlar verilən sualları cavablandırdılar, uyğun tövsiyələrini verdilər. Müzakirələrin yekununda aid strukturlara konkret tapşırıqlar verildi. “Elm aylığı”nın bu tədbiri də yaddaqalan oldu.