Xocali soyqırımı – tariximizin qan yaddaşıdır
1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamından 26 il ötür. Bu faciə qan yaddaşımıza elə həkk olunub ki, ötən illər onu xalqımızın hafizəsindən silə bilmir və silə bilməyəcək də. Çünki bu faciə bir xalqa bir millətə qarşı törədilən soyqırımdır. Daha doğrusu bəşəriyyətə yönəlmiş bir vandalizm siyasətidir.
23 fevral 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir və yuxarıda söylədiyimiz fikirlər öz geniş əksini tapmışdır.
Konfransı giriş sözü ilə açan İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Oruc Həsənli qeyd etdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 366-cı rus-sovet motoatıcı alayında cəmləşən 50-dən artıq erməni zabiti, praporşiki və əsgəri rus zabitlərinin hımayəsi altında dinc əhaliyə qarşı qəddarlıq aksiyasını – soyqırımı həyata keçirdilər.
Xalqımızın tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı qətliamı ilə bağlı Ulu Öndər Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir ”.
Bu gün dövlətimizin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, dünyanın bir çox aparıcı dövlətləri Xocalı soyqırımını tanıyır və bir çoxları da tanımaqdadır. Lakin bununla arxayınlaşmaq olmaz. Dünyanın bütün diqqətini bu faciəyə və bunu törədənlərə qarşı çevirərək haqq səsimizi bütün sülhsevər ölkələrə çatdırmalıyıq. Çünki dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.
“Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzucunda məruzə edən Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Tarix elmləri üzrə fəlsəfə doktoru Xəzər Hüseynov bildirmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycanlıların tarixi dədə-baba torpaqlarından qovulması 1948-1953-cü illərdə hələ sovet dövründə həyata keçirilmiş, həmin vaxt 150 000 azərbaycanlı deportasiya siyasətinin qurbanı olmuşlar.
Deməli, Xocalı soyqırımına ötən illərdə erməni-rus şovinistlərinin birlikdə həyata keçirdikləri vandalizmin növbəti davamı kimi baxmaq lazımdır.
Xocalıda törədilən cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi cinayəti əsl soyqırım hadisəsi kimi beynəlxalq aləmdə siyasi-hüquqi qiymətini almalı və günahkarlar – Seyran Ohanyan, Serj Sarkisyan, Robert Köçəryan kimi canilər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Naxçıvan Müəllimlər İnstitutunun “Məktəb” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-dramaturq Həsənəli Eyvazlı “Xocalı faciəsi yaddan çıxmayan bir faciədir” mövzusunda çıxış edərək göstərdi ki, bu gün dünya bilir ki, qədim Azərbaycan torpağı olan Qarabağın bir bölgəsi olan Xocalı şəhərinin əhalisinə insanlığa sığmayan bir soyqırım həyata keçirilmişdir. 7 min əhalisi olan Xocalı şəhərindən əhalinin bir qismi əvvəlcədən çıxarılsa da, qətliama qədər qalan 3000 nəfərə yaxın insanın 613 nəfəri öldürüldü, 1000 nəfərə yaxını əlil oldu, 8 ailə tamamilə məhv edildi. Həmin gecə 1275 nəfər dinc sakin girov götürüldü. Öldürülənlər içərisində 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qoca olmuşdur.
Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə, insanlığa qarşı yönəldilən bir cinayətdir. Ermənistanın dövlət rəhbərləri dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi bu hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq aləm siyasi-hüquqi qiymət verməlidir.
Tədbirin sonunda institutun metodisti S.Kərimli Xocalı soyqırımına həsr edilmiş şeirlər söylədi.
İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, prof.O.Həsənli tədbirə yekun vurdu.
Naxçıvan Müəllimlər İnstitutu
Mətbuat Xidməti