Naxçıvan Müəllimlər İnstitutunda “21 Fevral-Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Milli qürur simvolu–Ana dilimiz” mövzusunda konfrans keçirilib
Konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov ölkəmizdə Ana dilinin hərtərəfli inkişafının, beynəlxalq münasibətlər sisteminə yol tapmasının ümummilli lider Heydər Əliyevin dilimizin qorunmasına yönələn uzaqgörən siyasətinin nəticəsi olduğundan danışıb. Qeyd edib ki, Azərbaycan xalqının ünsiyyət vasitəsi olan, milli qürur simvolumuz-Ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Hər bir xalqın Ana dili onun varlığının təsdiqi, milli kimliyidir. Xalqın keçdiyi tarixi yol, mədəni səviyyəsi onun Ana dilində öz əksini tapır və millətin varlığının yaşadılması üçün əsas vasitələrdən hesab olunur. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi, xalqın mənəviyyatının güzgüsüdür. Gənc nəsil bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.
İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Cəfərova “Xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən Ana dilimiz” mövzusunda çıxış edərək xalqımızın tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə yaşadan, əsrlərdən əsrlərə çatdıran, müstəqillik illərində dövlət atributları sırasında özünəməxsus yeri olan Ana dilimizə dövlət səviyyəsində daima yüksək qayğı göstərildiyini qeyd edib.
“Azərbaycan dilinin zənginləşməsi və inkişaf istiqamətləri” mövzusunda çıxış edən institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Təranə Qəbulova günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsinin bu günün ən zəruri məsələləri, ən vacib reallıqları olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə dilçilik sahəsində-beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, həmçinin yeni orfoqrafik, izahlı, frazeoloji və terminoloji lüğətlərinin hazırlanması, müxtəlif dialekt və şivələrin müasir tələblər səviyyəsində öyrənilməsi sahələrində müəyyən işlər görülüb.
Sonra tələbələrin təqdimatında ədəbi-bədii kompozisiya və şeirlərin bədii qiraətinə baxış olub.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

