Naxçıvan Müəllimlər İnstitutunda magistrantların elmi-tədqiqat təcrübəsinin başlanğıc konfransı keçirilmişdir

424931959_921853086262810_561668530950487823_n
Naxçıvan Müəllimlər İnstitutunda magistrantların elmi-tədqiqat təcrübəsinin başlanğıc konfransı keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda Magistr səviyyəsi üzrə 2023-2024-cü tədris ilinin yaz semestrində keçirilməsi nəzərdə tutulan pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir. Konfransda institutun professor-müəllim heyəti, Magistratura və Doktorantura Şöbəsinin əməkdaşları, təcrübə rəhbərləri və magistrantlar iştirak edib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, Magistrantların elmi-tədqiqat təcrübəsi – professional magistr hazırlığı proqramının ayrılmaz hissəsidir və magistrantların təhsil prosesində əldə etdikləri nəzəri və təcrübi biliklərin genişlənməsinə və möhkəmlənməsinə, gələcək professional fəaliyyətə hazırlanmasına yönəlmiş tədris işi növüdür. Onların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində, gələcəkdə elmi-pedaqoji kadr kimi formalaşmasında bu təcrübələrin əhəmiyyəti böyükdür. Rektor vurğulayıb ki, aktual elmi problemlərin müəyyən edilməsi və onların tədqiq edilməsində təcrübə toplanması, elmi-tədqiqat proqramlarının işlənməsi və yerinə yetirilməsinin təşkili, tədqiqat nəticələrinin analiz edilməsi, təşkilatlarda layihələrin qruplar tərəfindən yerinə yetirilməsinin idarəetmə mexanizmlərinin mənimsənilməsi, magistrlik dissertasiyasının yerinə yetirilməsi üçün lazım olan materialların toplanması elmi-tədqiqat təcrübəsinin əsas vəzifələridir. Təcrübədə iştirak edən hər bir magistrant elmi-tədqiqat təcrübəsi nəticəsində magistr dissertasiya mövzusunun nəzəri aspektlərinin praktiki aprobasiyasının əsas metodlarını və metodikasını, elmi-tədqiqatın metodologiyasının əsas müddəalarını, tədqiqatın nəticələrini, onun təhlili və şərhini təcrübi olaraq yoxlamağın əsas metodlarını və metodikasını, elmi-tədqiqatın metodologiyasının əsas müddəalarını təcrübə zamanı qarşıya qoyulan vəzifələrin spesifikasına uyğun olaraq tətbiq etməyi magistr dissertasiyası mövzusu üzrə elmi-tədqiqat prosesində öz fəaliyyətini müstəqil ümumiləşdirməyi, korrektə etməyi və realizə etməyi bilməli, bu kimi bacarıqlara dərindən yiyələnməlidir:
Sonra konfransda Magistratura və Doktorantura Şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Qızıltac Şahbazova, pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva çıxış edib. Çıxışlarda bildirilib ki, mövcud tədris planına uyğun olaraq magistratura təhsil səviyyəsində təhsil alan II kurs magistrantlar tədris ilinin yaz semestrində 4 həftəlik elmi tədqiqat təcrübəsi keçir. Natiqlər magistrantlara elmi tədqiqat işlərinin yazılması qaydaları, mövzuların strategiya və metodlarının seçilməsi yolları, tədqiqatın aparılması, təhlili, nəticələrin həyata keçirilməsi ilə bağlı məlumatlar veriblər.
Sonda institutun bir qrup əməkdaşı təcrübəyə başlayan magistrantları təbrik edərək gələcək elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrində uğurlar arzulayıblar.