Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin yaz semestrində keçirilməsi nəzərdə tutulan pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları və pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsində Dövlət təhsil siyasətinin həyata keçirilməsində əsas simanın müəllim olduğunu qeyd etmişdir. Rektor vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu gənclər siyasətinin əsasında cəmiyyət üçün intelektual səviyyəsi yüksək olan, ölkəmizin gələcək inkişafını və təmin edəcək, dünya arenasında ölkəmizi layiqli təmsil etməyi bacaran, millətini, xalqını, dövlətin mənafeyini hər şeydən üstün tutan, düşdüyü mühitdən asılı olaraq müstəqil və yaradıcı fəaliyyət göstərib, sərbəst qərarlar qəbul etməyi bacaran gəncliyin formalaşdırılması durur. Bu siyasəti həyata keçirilməsi isə müəllimin elmi-metodiki, mədəni və əxlaq səviyyəsindən çox asılıdır. Rektor müəllim kadrların hazırlığında pedaqoji təcrübənin əhəmiyyətindən, məqsəd və vəzifələrindən, prinsiplərindən danışmışdır.
Sonra konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, pedaqoji biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin mühüm əhəmiyyətindən, müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalardan və Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına Dair 2023–2027-ci illər üçün Dövlət Proqramında təhsillə bağlı göstərilən məsələlərdən danışıb. Qeyd edib ki, metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, tədris müəssisələrində daha çox məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurur, ali və ümumtəhsil məktəbləri arasında yüksək keyfiyyət təminatı, ədalətli, şəffaf, obyektiv mühitin təmin olunması məqsədilə birgə fəaliyyət imkanı yaranır. Natiq vurğulayıb ki, təcrübə müddətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər, təcrübə müddətində orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri əməkdaşlarının yerinə yetirəcəyi vəzifələr haqqında geniş məlumat verib, təcrübəyə gedəcək tələbələrin sayı, məktəblər və bağçalar üzrə bölgüsünə toxunaraq qeyd edib ki, bakalavriat səviyyəsinin IV kurs “İngilis dili müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” “İbtidai sinif müəllimliyi”, “Tarix müəllimliyi” “Biologiya müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Texnologiya müəllimliyi”, “Təsvir incəsənət müəllimliyi” “Təhsildə sosial psixoloji xidmət”, “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” və V kurs “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan ümumilikdə 215-i Pedaqoji fakültənin, 134-ü Təbiət və incəsənət fakültəsinin tələbəsi olmaqla 339 tələbə Naxçıvan şəhər 4 № li, 5 № li, 8 № li, 11 № li, 12 № li, 14 № li, Naхçıvan Qızlar liseyi və Heydər Əliyev adına tam orta məktəblərində və Naxçıvan şəhər 7 № li, 10 № li, 12 № li uşaq bağçalarında fevralın 16-dən mayın 24-dək pedaqoji təcrübə keçməlidirlər.
Sonra Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və Pedaqoji fakültənin dekanı Samirə Həsənova isə internatura müddətində dekanlıqların qarşısında duran vəzifələrdən danışıb, tələbələrə tövsiyyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Konfransın yekununda Heydər Əliyev adına tam orta məktəbin direktoru, 43 illik müəllimlik fəaliyyəti göstərən Məlahət Rüstəmova ümummilli lider Heydər Əliyevin müdrik kəlamını xatırladaraq vurğulayıb ki, mən bu uzun fəaliyətim müddətində müəllim adından, müəllimlik peşəsindən uca bir məqam tanımıram. Bu gün gənclərimiz yaxşı müəllim olmaq üçün öncə öz peşəsini sevməli, sonra isə sevdirərək öyrətməlidir.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti