Naxçıvan Müəllimlər İnstitutunda 2023-cü il üzrə elmi fəaliyyət hesabatı müzakirə olunmuşdur
Naxçıvan Müəllimlər İnstitutunda uyğun struktur bölmələr və professor-müəllim heyətinin iştirakı ilə 2023-cü ildə elmi fəaliyyətin yekunlarının geniş müzakirəsi keçirilmişdir.
İnstitutun rektoru Azad Novruzov çıxışında qeyd etmişdir ki, 2023-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun bütövlükdə fəaliyyətində, o cümlədən elmi fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin təhsil və elmlə bağlı imzaladığı Sərəncam və Fərmanlar, təsdiq etdiyi Dövlət proqramları, Strategiya, Yol xəritəsi və digər normativ-hüquqi sənədlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarından irəli gələn vəzifələr əsas götürülmüşdür. “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına, Naxçıvan Müəllimlər İnstitutunun Nizamnaməsinə, “Naxçıvan Müəllimlər İnstitutunun 2022-2026-ci illərə dair 5 illik Strateji İnkişaf Planı”na, 2023-cü il üçün ümumi iş planına və elmi hissənin illik iş planınına uyğun qurulmuşdur.
Rektor vurğulayıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunda kadr hazırlığının keyfiyyətli təşkili və səmərəliliyinin artırılması, elmi mühitin inkişaf etdirilməsi, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2023-cü ildə də davam etdirilmişdir. Azad Novruzov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilinin “Heydər Əliyev İli” elan edilməsi, bütün səviyyələrdə müxtəlif tədbirlərin planlaşdırılması və bu planların ilboyu ölkə miqyasında, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda geniş şəkildə uğurla reallaşdırılması, 15-16 dekabr 2023-cü il tarixlərdə Azərbaycan Müəllimlərinin XVI Qurultayının keçirilməsi, son olaraq 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə Ali Baş Komandan Cənab İlham Əliyevin yenidən ölkənin prezident seçilməsi Naxçıvan Müəllimlər İnstitutunun həyatı üçün ən mühüm hadisələrə çevrilmişdir.
Rektor çıxışında tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən institut əməkdaşlarından Şəhla Süleymanova pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2 nəfəri – Nazilə Muradova, Qızıllı Əliyeva dosent elmi adına layiq görülmüş, institutun əməkdaşı Nurlana Novruzi isə müəssisədənkənar Dissertasiya şurasında fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş və təsdiqini almışdır. Bu ənənə həmişə olduğu kimi digər əməkdaşlar tərəfindən də gələcəkdə davam etdirilməli, institutun bütün əməkdaşları özünü daim təkmilləşdirməklə məşğul olmalıdır.
Sonra institutun elmi işlər üzrə məsul şəxsi – elmi katibi dosent Qurban Qurbanlı geniş hesabat məruzəsilə çıxış edərək bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda 2019-2023-cü illər üçün vahid elmi problem – “Elm və təhsilin tarixi, nəzəriyyəsi və təlim texnologiyaları” kimi müəyyənləşdirilmiş, tətbiqinə 2021-ci ilin əvvələrindən başlanılmış “Naxçıvan Müəllimlər İnstitutunda elmi-pedaqoji əməkdaşların elmi fəaliyyətinin qiymətləndirilməsinə dair Əsasnamə” hesabat ilində də uğurla tətbiq edilmiş, 15 mart 2021-cı il tarixdən başlanılmaqla NMİ-də StrikePlagiarism Antiplagiat internet-sistemimdən hesabat ilində də istifadə olunmuşdur.
Qurban Qurbanlı bildirib ki, elmi fəaliyyətin – elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətin vəziyyəti mütəmadi olaraq kafedra iclaslarında, fakültə və institut Elmi şura iclaslarında müzakirə edilmiş, rektorluğun diqqətində saxlanılmışdır. 2023-ci ilin oktyabr-noyabr aylarında qrafik əsasında akademik heyət üzvlərinin elmi hesabatları dinlənilmiş və müzakirələri keçirilmişdir.
Tədbirdə eyni zamanda əməkdaşların 2023-cü ilə aid ümumi və kafedralar üzrə elmi reytinq cədvəlləri təqdim və təhlil olunub. Bildirilib ki, hazırda Naxçıvan Müəllimlər İnstitutunun elmi-pedaqoji kadr potensialı 104 nəfərdən ibarətdir. Bunlardan 46 nəfəri elmi dərəcəli, o cümlədən 5 nəfəri elmlər doktoru, 41 nəfəri fəlsəfə doktorudur. Professor-müəllim heyətinin tərkibində 2 professor və 27 dosent vardır. Elmi dərəcəsi olmayan elmi-pedaqoji əməkdaşların sayı 58 nəfərdir. Diqqətə çatdırılıb ki, 2023-cü ildə institut əməkdaşlarının 5 monoqrafiya, 2 dərs vəsaiti, 67 tədris-metodik vəsaiti və fənn proqramı, 165 konfrans materialı, xaricdə 16 elmi məqalə və impakt faktorlu jurnallarda 15 məqalə, ölkədə 101 məqalə və impakt faktorlu jurnallarda 28 məqalə çap olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutu alimlərinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş əsərlərinə dünya miqyasında elmi istinadlar hesabat ilində də davam etmişdir.
Bildirilib ki, Naxçıvan Müəllimlər İnstitutunda 2023-cü il üçün nəzərdə tutulmuş elmi-təşkilatı tədbirlərdən 1 beynəlxalq, 3 respublika və 10-dan artıq institut səviyyəli elmi konfranslar təşkil edilmişdir.
Hesabat ilində əməkdaşlarla yanaşı Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti də Naxçıvan Müəllimlər İnstitutu rektorluğunun daim diqqət mərkəzində olmuşdur. Tələbə Elmi Cəmiyyətinin işin planlı, məqsədyönlü və səmərəli təşkili, habelə yeni üzvlərə elmi-metodiki dəstək məqsədilə hesabat ilinin hər iki yarımilində “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda 2 seminar-müşavirə təşkil edilmiş, Tələbə Elmi Cəmiyyəti xətti ilə institutun 210 tələbə və magistrantı, yəni institutun hər 6-7 təhsilalanından biri elmi-tədqiqat fəaliyyətinə cəlb olunmuşdur.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunda 2023-cü ildə elmi fəaliyyətin yekunları geniş müzakirə edilərək qənaətbəxş sayılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Sonda reytinq cədvəllərinə görə 2 qalib tədqiqatçı “İlin alimi” və 2 kafedra “İlin kafedrası” adına, kafedralar üzrə ən yüksə göstəricilərə malik 8 əməkdaş isə təşəkkürnamələrə layiq görülüb.