TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyəti 2000-ci ildən yaradılmışdır.

İnstitutda tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti yerinə yetirir. Eyni zamanda,  bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.  Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.

Hər tədris ilinin başlanğıcında bütün fakültələrdə, xüsusən birinci kurslara TEC haqqında məlumat verilir. Fakültə TEC sədrləri və üzvləri seçilir və fəaliyyətə başlanılır. Müxtəlif mövzular seçilərək tələbələrə verilir.Naxçıvan Muxtar Respublikasının tarixi, coğrafiyası, təbiəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında mövzuların verilməsinə üstünlük verilir. Hər tələbənin elmi rəhbəri vardır. Tədris ilinin sonuna kimi tələbələr öz elmi işi üzərində çalışır, araşdırmalar aparır.

Tədris ilinin sonuna yaxın fakültələrdə yekun konfranslar keçirilir. Daha bacarıqlı tələbələr seçilərək institute turuna buraxılırlar. İnstitut turunda tələbələrin işlərindən ibarət yaradıcılıq sərgisi də nümayiş etdirilir. Burada ən layiqli  tələbələr qalib çıxaraq müvafiq diplomlar və  hədiyyələrlə təltif olunurlar. Qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi tələbə elmi konfranslarında iştirak etmək hüququ qazanırlar.