İsayev Elbrus  Saleh oğlu

Tarix üzrə fəlsəfə doktoru

07 oktyabr 1979 – cu il tarixdə Naxçıvan  MR, Babək rayon Məzrə kəndində anadan olmuşdur. Orta  təhsilini Naxçıvan şəhər 11 saylı orta  məktəbdə almışdır. 2000 –ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix  filologiya fakültəsinin  tarix ixtisasını, 2002 –ci ildə isə həmin universitetin magistratura  səviyyəsini fərqlənmə diplomu ilə bitirmiş, Heydər  Əliyev adına təqaüdə layiq  görülmüşdür. 2001-ci ildə təhsil sahəsində uğurlara görə “İlin ən yaxşı gənci” müsabiqəsinin qalibi olmuşdur. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir. 2008-2012 –ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmış, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar  Elmlər” kafedrasının  müdiri işləmişdir.

2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışmış, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 avqust  2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilmiş, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.

2006-cı ildə “Böyük İpək yolu və Naxçıvan” mövzusunda  namizədlik dissertasiyası müdafiə  edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

1998-2001 –ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri vəzifəsində  çalışmışdır.  2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsində ictimai-siyasi şöbənin redaktoru kimi fəaliyyət göstərmiş, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir. Əsas tədqiqat sahəsi beynəlxalq  mədəni-iqtisadi və diplomatik əlaqələrin  tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir  sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi  əsərləri çap olunmuşdur. Azərbaycan Jurnalistlər  Birliyinin  üzvüdür.