“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə “Həmrəylik – ən böyük zəfərlərə aparan yol” adlı tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə “Həmrəylik – ən böyük zəfərlərə aparan yol” adlı tədbir keçirilib
Tədbirdə ilk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, dövlətimizin və məğrur, qürurlu xalqımızın 2023-cü ildə qazandığı uğurlara, əldə etdiyi misilsiz nailiyyətlərə, bir ildə sərgilədiyi, dünyanı riqqətə gətirən zəfər dolu tarixi anlara həsr olunmuş videoçarxa baxış keçirilib.
Sonra giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu və dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyinin təmin edilməsi üçün məqsədyönümlü tədbirlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, ötən il ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda da 100 müxtəlif səpkili tədbir təşkil olunmuşdur. İnstitutumuzda keçirilən bu tədbirlərdə ümummilli liderin, eyni zamanda onun layiqli davamçısı cənab prezident İlham Əliyevin siyasi kursu geniş şəkildə təhlil edilmiş, institutun professor-müəllim və tələbə kollektivi öz üzərinə düşən vəzifələri icra etmişdir.
Rektor diqqətə çatdırıb ki, bu siyasi kursun gənc nəslə təbliğ olunmasını, əmək fəaliyyətimizi daim təhlil edərək özümüzü qiymətləndirməyi, qarşımızda duran əmək bazarının və müasir dövrün tələblərinə cavab verən vəzifələri müəyyənləşdirməyi özümüzə borc bilirik.Azad Novruzov vurğulayıb ki, artıq üç ildir Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Əminik ki, 2024-cü il ölkəmiz üçün uğurlu bir il olacaq, dövlətimizin uğurları sürətlə artacaq, xalqımızın rifahı günü-gündən daha da yaxşılaşacaq.
Azad Novruzov çıxışının sonunda tədbir iştirakçılarını və onların adından bütün xalqımızı bayramlar münasibətilə təbrik edib, yeni ildə bol-bol nailiyyətlər arzulayıb.
Daha sonra Yeni ilin arzuolunan rəmzləri olan Şaxta baba və Qar qız tədbirə dəvət olunub, onların gənclərə səsləndirdiyi suallar əsasında iştirakçılara hədiyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Pedaqoji fakültənin rəhbərliyi ilə institutun tələbələrinin hazırladıqları bir-birindən maraqlı şeir, mahnı, rəqs və kompozisiyalar nümayiş olunub.
Sonda İncəsənət kafedrasının rəhbərliyi ilə təşkil olunan tələbələrin “Həmrəylik Günü” və “Yeni il” mövzularında müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN