Tələbə teatr studiyalarının festival-müsabiqəsinin yekun tədbiri keçirilmişdir
Dekabrın 19-da Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 29 noyabr tarixdə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqənin yekun tədbiri baş tutmuşdur. Festival-müsabiqə bu ilin noyabr ayında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrindən qatılan 5 tələbə teatr studiyası arasında keçirilmişdir. Kollektivlərin təqdimatları təsdiq edilmiş Münsiflər Heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilmişdir. Qiymətləndirmə təqdim edilən səhnə əsərinin mövzu aktuallığı, aktyor ifası, rejissor yorumu, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirmişdir ki, bədii təfəkkür forması olan incəsənətin insanlar tərəfindən sevilən sahələrindən biri də teatr sənətidir. Teatr sənəti həm də həyat və həyat hadisələrini bədii obrazların dili ilə tamaşaçılara çatdıran canlı təqdimat üsuludur. Teatr keçmişi və gələcəyi göstərir. Buna görədir ki, teatrı həyatın əyani və canlı dərsliyi adlandırmaq mümkündür. Teatrın öyrənmək və öyrətmək qüdrəti çox güclüdür. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşəbbüsü ilə keçirilən festival-müsabiqənin əsas məqsədi tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkilindən və onlarda bədii zövqün formalaşdırılmasından, tələbələr arasında istedadlı gənclərin aşkar edilməsindən, həmçinin xalqımıza məxsus milli dəyərlərin gənclər tərəfindən öyrənilməsindən ibarət olmuşdur.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bu cür layihələrin tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda bədii zövqün formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması və tələbələrdə teatr sənətinə maraq yaradılması baxımından əhəmiyyətindən bəhs edib. Rektor qeyd edib ki, ali və orta ixtisas təhsil müəssisələrində teatr studiyalarının yaradılması, həmin təhsil ocaqlarında teatr sənətinə olan marağın artması bizi sevindirir. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası artıq uzun illərdir ki, digər ali və orta ixtisas təhsil müəssisələrindəki tələbə teatr studiyalarının yaranması üçün təcrübə nümunəsidir. Naxçıvan Dövlət Universitetində teatr sənəti istiqaməti üzrə ixtisaslı kadr hazırlığı Naxçıvan teatr sənətinin gələcək inkişafının təminatçısıdır.
Sonra festival-müsabiqənin qalibləri mükafatlandırılmışdır. Qeyd edək ki, Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası Tofiq Seyidovun “Vaqif” əsəri ilə 1-ci dərəcəli, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası Həsənəli Eyvazlı tərəfindən qələmə alınan Ələsgər Quliyev tərəfindən səhnələşdirilən “Ruhların görüşü” əsəri ilə 2-ci dərəcəli, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası Nəbi Xəzrinin “Burla Xatın” əsəri ilə 3-cü dərəcəli diploma, “Naxçıvan” Universitetinin Tələbə Teatr Studiyası Zakir Fətəliyev tərəfindən səhnələşdirilən “Ayrılarmı könül candan!” kompozisiyası və Naxçıvan Texniki Kollecinin Tələbə Teatr Studiyası Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsasında səhnələşdirilən eyniadlı tamaşa həvəsləndirici diploma layiq görülmüşdür.
Tədbirin bədii hissəsində festival-müsabiqənin qalibi Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyasının Tofiq Seyidovun “Vaqif” əsəri əsasında Nurbəniz Niftəliyeva tərəfindən hazırlanmış tamaşa təqdim olunmuşdur. Vətənpərvərlik mövzulu tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.