Naxçıvan Müəllimlər İnstitutunda ali məktəblərarası əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Naxçıvan Müəllimlər İnstitutunda ali məktəblərarası əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Ali təhsil və elmi tədqiqatların beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətlərində direktiv qərarların icrası istiqamətində Naxçıvan Müəllimlər İnstitutunda təsdiq edilmiş strateji inkişaf proqramına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə ali təhsil ocağında xarici ölkələrin ali təhsil və elm müəssisələri ilə mövcud sənədlər əsasında ikitərəfli əməkdaşlıq fəaliyyəti davam etdirilir, yeni tərəfdaşlarla sənədlər imzalanır. Bu gün Naxçıvan Müəllimlər İnstitutunda Rusiya Federasiyasının Cənub Universiteti ilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi hər iki ali məktəbin rektorları – Naxçıvan Müəllimlər İnstitutun rektoru Azad Novruzov və Cənub Universitetinin rektoru İmran Əkbərov imzalayıb. İmzalanma mərasimində rektorlar çıxış edərək, aralarında artıq mövcud olan elmi əməkdaşlığın rəsmiləşdirilməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsinin Azərbaycan və Rusiyanın müasir dövrdə dövlətlərarası əməkdaşlığın ruhuna və məzmununa tam uyğun olduğunu qeyd etmişlər.
Bu sənəd tərəflər arasında təhsil, elmi, mədəni, işgüzar və digər əlaqələrin qurulması və inkişafı məqsədi ilə imzalanmışdır. Gələcəkdə əməkdaşlığın qarşılıqlı maraq doğuran digər fəaliyyət sahələrinə də şamil oluna biləcəyi, əlavə sazişlər və ya ayrı-ayrı müqavilələr bağlana biləcəcəyi bu sənəddə öz əksini tapır. Hər iki ali məktəb arasında əməkdaşlıq istiqamətləri sırasında akademik mübadilə, o cümlədən tələbə mübadiləsi, tədris, elmi tədqiqat və qarşılıqlı maraq doğuran digər sahələrdə təcrübə mübadiləsi; qarşılıqlı maraq doğuran kitabxana və informasiya xidməti materiallarının mübadiləsi; birgə tədqiqat və nəşrlərin həyata keçirilməsi; birgə təhsil, elmi, mədəni və işgüzar tədbirlərin (konfranslar, seminarlar, kollokviumlar, simpoziumlar və s.) təşkili və keçirilməsi; birgə təhsil və tədqiqat proqramlarının və onların komponentlərinin hazırlanması və həyata keçirilməsi; inzibati işçilər üçün təcrübə mübadiləsi proqramlarının hazırlanması və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tədbirlərinin reallaşdırılması niyyətləri ifadə edilir.
Məlumat üçün bildirək ki, Cənub Universiteti qonşu ölkədə 1991-ci ildə yaradılmışdır. Bu gün universitetdə 500-dən çox müəllim çalışır və təxminən 5000 tələbə təhsil alır.

Author

Azərbaycan dili AZ English EN