“Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimatı olub

Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında toxunumuş “Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimat tədbiri keçirilib. Tədbiri institutun rektoru Azad Novruzov açaraq qeyd edip ki, ölkəmizdə və o cümlədən muxtar respublikamızda milli-mənəvi və maddi dəyərlərimizin qorunması istiqamətində daima məqsədyönlü işlər aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq xalça sənətinin qorunması, təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsində təlim-tərbiyə ocağı olan ali təhsil müəssisələrinin də üzərinə xüsusi vəzifələr düşür. Naxçıvan Müəllimlər İnstitutunnun İncəsənət kafedrasının nəzdində xalçaçılıq emalatxanası fəaliyyət göstərir ki, bu emalatxanada tələbələr bakalavr səviyyəsi üzrə Təsviri incəsənət müəllimliyi ixtasasında “Naxçıvan xalçaçılıq məktəbi” adlı fənn və magistr səviyyəsi üzrə “Təsviri incəsənət fənninin metodikası və metodologiyası” ixtisaslaşmasında “Naxçıvan xalçaçılığı” adlı fənn əsasında öyrəndikləri nəzəri bilikləri praktik olaraq tətbiqetmə imkanı əldə edirlər. Bununla onlar xalçaçılıq sənətinin sirlərinə daha dərindən bələd olurlar. İnstitutda incəsənət kafedrasının nəzdində “Xalçaçılıq” dərnəyi fəaliyyət göstərir ki, dərnək xalçaçılıq sahəsinə marağı olan digər ixtisas tələbələrini də bu emalatxanadan aktiv istifadəyə yönəldir. Tələbələrin xalçaçılıq sənətinin sirlərinə yiyələnmələri bu sənətin öyrənilməsinə, təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Xalçaçılıq emalatxanasında bundan əvvəl ərsiyə gəlmiş xalçalar və “Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimatı emalatxananın və dərnəyin səmərəli fəaliyyətindən xəbər verir.
Sonra institutun İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edərək bildirmişdir ki, tarixən xalqımızın yaratdığı mədəni, maddi-mədəniyyət nümunələrinin ən qiymətlilərindən, gözoxşayan və ən çox seçilənlərindən biri xalçalarımız olub. Qədim tariximizi, mədəniyyətimizi özündə yaşadan xalçalarımız XXI əsrdən ümumbəşəri mədəniyyətin bir sahəsi kimi təqdim olunur və UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu gün institutun xalça emalatxanasında ərsəyə gələn və təqdimatını etdiyimiz xalçalardan biri Qars müqaviləsinin 100 illik yubileyini özündə əks etdirən xalçadır ki, xalça 73×83 sm ölçüsündədir. Kənar hissəsində dəvə təsvirinin stilzə olunmuş forması, mərkəzi hissədə isə Qars müqaviləsini, Azərbaycan və Türkiyə dostluq və qardaşlığını özündə əks etdirən simvollar, Ağrı dağı və İlandağ, Naxçıvanın qədimliyini özündə əks etdirən abidələri, daş qoç fiqurları təsvir olunub. Təqdimatı keçirilən diğər xalça isə ornamental xalçadır. İsti və soyuq rənglərin harmoniyasını özündə əks etdirən həndəsi və nəbati ornamentlərlə bəzədilmiş bu xalça 70 x 106 sm ölçüsündə toxunmuşdur. Bu xalçalarla yanaşı əməkdaşlarımız və dərnək üzvləri müxtəlif təsvirli xalçalar üzərində işlərini davam etdirirlər.

Author

Azərbaycan dili AZ English EN