“Ali pedaqoji məktəblərdə elm və təhsil: dünya təcrübəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Ali pedaqoji məktəblərdə elm və təhsil: dünya təcrübəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib
07 dekabr 2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Ali pedaqoji məktəblərdə elm və təhsil: dünya təcrübəsi və Azərbaycan” mövzusunda əyani və videobağlantı formatında Beynəlxalq elmi konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd və vəzifələr müasir dünyada ali məktəbin transformasiyası, yaxın gələcəkdə və perspektivdə ali məktəbin missiya və funksiyalarına yeni baxışlar, Azərbaycanda elm və ali təhsil sahələrində dövlət siyasətinin reallaşmasında dünya və milli təcrübənin səmərəli inteqrasiyası, ali təhsil sistemində idarəetmə, müasir ali pedaqoji təhsilin məzmunu və keyfiyyətinin əsas inkişaf istiqamətləri, ali pedaqoji təhsil sistemində elmi tədqiqatların məqsəd, strategiya və fəaliyyət istiqamətləri, ali təhsil, elm və innovasiyanın vəhdəti, ali pedaqoji məktəbdə tədqiqat və innovasiya fəaliyyətinin perspektivli texnologiyaları, ali məktəb pedaqogikası və pedaqoji psixologiyanın aktual problemlərinin elmi-nəzəri və elmi-praktiki məsələlərini müzakirə etmək, elm və ali təhsil təşkilatçılarının, müxtəlif ali məktəblərin professor-müəllim heyətləri nümayəndələrinin fikirlərini və tədqiqatçıların əldə etdikləri elmi nəticələri paylaşmaq və bu sahələrdə aparılan işləri günün və gələcəyin tələbləri səviyyəsinə qaldırmaq üçün elmi-əməli təkliflər hazırlamaqdan ibarətdir.
Konfransın açılış mərasimində və plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Rusiya Federasiyasından Cənub Universitetinin rektoru İmran Əkbərov, Rusiya Təhsil Akademiyasının müxbir üzvü Vaqif Bayramov, Bakı şəhərindən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini İlham Cavadov və tədqiqatçı-professor İntiqam Cəbrayılov, Şimali Makedonoyadan Beynəlxalq Balkan Universitetinin professoru Marija Stevkovska və başqaları çıxış etmişlər. Hibrid (əyani və videobağlantı) formatda, Azərbaycan, ingilis, rus və türk dillərində aparılan bu beynəlxalq elmi tədbirdə səsləndirilən çıxışlarda və elmi məruzələrdə qeyd olunmuşdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təhsilinin Avropaya inteqrasiya etdiyi bir vaxtda məhz ali təhsil sosial – iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bu səbəbdən də son illərdə ali pedaqoji təhsilin məzmunu milli dövlətçilik prinsipləri və azərbaycançılıq ideologiyasına uyğun yeniləşdirilmiş, bu təhsil pilləsində əsaslı islahatlar aparılmış, ölkənin ehtiyaclarına uyğun rəqabətə davamlı kadr hazırlığı və insan kapitalının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və dövlətimizin başçısı İlham Əliyevin bu kursu uğurla davam etdirməsi sayəsində ali pedaqoji təhsilin dinamik inkişafında böyük nailiyyətlər əldə edilmiş, ali təhsilin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür.
2023-cü il Heydər Əliyev ili çərçivəsində təşkil olunan belə konfransların keçirilməsi, ölkəmizdə və xarici ölkələrdə bu sahədə aparılan tədqiatların və təcrübələrin paylaşılması ölkəmizdə və beynəlxalq aləmdə təhsil sahəsində apatrılan uğurlu islahatlara, pedaqoji kadrların ixtisasartırması və təkmilləşməsinə xüsusi tövhələr verir.
Plenar müzakirələrdə ali pedaqoji məktəblərdə elm və təhsilsahəsində dünya təcrübəsi və Azərbaycanda vəziyyətinin müxtəlif aspektlərinə toxunaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətini və gələcək perspektivlərini şərh ediblər.
Qeyd edək ki, respublikamızın və digər ölkələrin 20-dək elm və ali təhsil müəssisəsi təmsilçiləri – professor, müəllim, doktorant və magistrantların ümumilikdə 200-dək elmi materialları – məruzə və tezisləri daxil olub. Konfrans 15 bölmədə öz işini uğurla davam etdirib, sadalanan mövzularda müzakirələr aparılıb, sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN