Çağdaş Azərbaycan poeziyasının sevilən şairəsi Mahirə xanım Nağıqızı ilə görüş keçirilib.

25 noyabr 2023-cü ildə Naxçıvan Müəllimlər İnstitutunda çağdaş Azərbaycan poeziyasının sevilən şairəsi, tanınmış alim, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə xanım Nağıqızı ilə görüş keçirilib.
Tədbirdə ADPU-nun Filologiya fakültəsinin müəllim və əməkdaşları, Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə kollektivi iştirak edib. Əvvəlcə tədbiri institutun rektoru dosent Azad Novruzov açıq elan edib, Azərbaycan Yazıçılar Birliyinin üzvü hörmətli Mahirə xanıma dəyərli vaxtından ayırıb təklifi qəbul etdiyinə görə təşəkkür edib. Bildirib ki, artıq heç kəsə sirr deyil ki, Ümummilli Liderimiz Heydər Əliyevin də, ölkə başçımız İlham Əliyevin də hər zaman diqqət məkəzində saxladığı Qərbi Azərbaycan mövzusu günümüzün böyük aktuallıq kəsb edən məsələsidir. Dövlətimizin siyasi xəttinin dəstəkçiləri olan ziyalılarımızın, alimlərimizin də fəaliyyətində bu motivlər hər zaman öz əksini tapmışdır. Bütün dövrlərdə tarixi hadisələrin, yeniliklərin çağırışçısı olan ədəbiyyatın və elmin ziyasını özündə birləşdirən Mahirə Nağı qızı Hüseynova da bu qəbildən olan şairə, dilçi-alimdir. Naxçıvanda doğulub boya-başa çatsa da, əslən ulu Azərbaycan torpağı Dərələyəz mahalından olan Mahirə xanımın mənsub olduğu nəsil milli ruhu, ictimai-mənəvi keyfiyyətləri ilə tarixə düşmüşdür. Bu baxımdan deyə bilərik ki, Mahirə Nağıqızının bugünkü qərar tutduğu pillələrin hər biri kökdən, əsildən qaynaqlanır. Bununla bərabər, Mahirə xanımın bədii və elmi yolunda Dərələyəz mahalının folkloru, dialektologiyası və toponimiyasının tədqiqatçısı olan tanınmış ictimai və elm xadimi Həsən Mirzəyevin də böyük təsiri olmuşdur. Təbii ki, bu mühüm faktorların fonunda Mahirə Hüseynovanın yaradıcılığında Qərbi Azərbaycan motivlərinin hiss və ifadə olunmaması qeyri-mümkündür.
Daha sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimləri dissertant Şəbnəm Əliyeva, Təranə Qəbulova, dos.Fəxriyye Cəfərova, dos.Aypara Behbudova Mahire Nağıqızının həyat və yaradıcılığından danışıblar. Onlar qeyd ediblər ki,
Mahirə Nağıqızının fəaliyyəti çoxşaxəli və olduqca zəngindir. O, dilçiliyin müxtəlif sahələri istiqamətində aparılmış tədqiqatlar üzrə 26 elmi kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqram, 14 bədii (şeirlər) kitabının, 400-ə qədər elmi və publisistik məqalənin müəllifi kimi həm dilçi-alim, həm şairə, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışan əsl zəhmətkeş Azərbaycan qadınıdır.
Mahirə Nağıqızı şairə kimi də yüksək novatorluq qabiliyyətinə malikdir. Çünki onun bədii yaradıcılığında hər dövrün hadisəsinə uyğun nümunələr yer almaqdadır və hörmətli şairəmiz, demək olar ki, külliyyatında heç bir mövzunu kənarda qoymamışdır: Allah sevgisi, Vətən sevgisi, ana, ata, ailə, övlad və nəvə məhəbbəti, şəhidlərimizə ehtiram, böyük zəfərimizə duyulan fərəh, eləcə də peşələrə və peşə sahiblərinə dərin hörmət və təşəkkür, duyğular və digər mövzular Mahirə xanımın şeirlərinin əsas süjet xəttini təşkil edir.
Tədbirin təşkilatçılığına görə institutun rektoru Azad Novruzova təşəkkürünü bildirən professor Mahirə Nağıqızı qeyd edib ki, gənclərin inkişafında əməyimizin olması bizləri sevindirir, bizlər Həsən Mirzəyev kimi dəyərli alimlərimizdən öyrəndiklərimizi gənc nəslə ötürməliyik, həmçinin Mahirə xanım onu da bildirib ki, bu gün onun alim, şairə və insanların çətin və xoş günündə hər zaman yanlarında olan bir şəxsiyyət kimi yetişməsinin səbəbi anası Nazlı xanımdır. Bu səbəbdən də əsərlərinin çox hissəsində ana məhəbbəti, ana zəhməti ön plandadır.
Tədbirin sonunda Mahirə xanımın şeirləri tələbələr tərəfindən səsləndirilib, hörmətli professor tələbələrin maraqlı suallarını cavablayıb.

Author

Azərbaycan dili AZ English EN