Magistrant, doktorant və gənc müəllim-tədqiqatçılar üçün təlim kursuna start verilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və “Naxçıvan” Universitetinin iştirakı ilə 15-22 noyabr tarixlərini əhatə edəcək 24 saat həcmində 6 gün müddətində keçiriləcək təlim kursunun açlış tədbirində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva giriş nitqi ilə çıxış etmişlər. Vurğulanmışdır ki, kursun keçirilməsinin əsas məqsədi dinləyicilərdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsi, nəzəri və tətbiqi istiqamətlərdə tədqiqat səriştələrinin formalaşdırılmasıdır. Təlim kursunun razılaşdırılmış tematik plan əsasında həyata keçirilməsi hər iki ali təhsil ocağının magistrant, doktorant və gənc müəllim-tədqiqatçılarının elmi-tədqiqat işləri haqqında bütöv təsəvvürünün yaradılmasına, elmi idrakın nəzəri və təcrübi metodları, elmi-tədqiqat fəaliyyətinin fərdi planlaşdırılması alqoritmi haqqında təsəvvürlərin aktuallaşdırılmasına, elmi-tədqiqat işlərinin həyata keçirilməsi hazırlığının artırılmasına və elmi-tədqiqat işlərinin tərtibi qaydaları haqqında təsəvvürlərinin sistemləşdirilməsinə kömək edəcəkdir.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi dosent Qurban Qurbanlının “Elmin məqsədi, predmeti, əsas funksiyaları. Elmlərin təsnifatı” mövzusunda və “Naxçıvan” Universitetinin elmi katibi dosent Əli Həşimlinin “Elmi-tədqiqat metodları: ümumelmi və xüsusi tədqiqat metodları” mövzularında təqdimatları əsasında ilk təlimlər keçirildi.
Xatırladaq ki, kurs müddətində “Elmi tədqiqatın aparılması mərhələləri”, “Elmi tədqiqatın nəticələrinin təqdimatı”, “Elmi üslubun (mətnlərin) əsas janrları (ümumi xarakteristika)”, “Elmi məruzə: hazırlanması və təqdimatı”, “Monoqrafiya elmi mətnlərin əsas janrlarında biri kimi”, “Dissertasiyaya və avtoreferata verilən tələblər” və s. mövzularda təlimlərin keçirilməsi planlaşdırılmışdır.

Author

Azərbaycan dili AZ English EN