Təsviri incəsənət müəllimləri ixtisasartırma kursuna cəlb olunmuşdur

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin Təsviri incəsənət müəllimləri üçün ixtisasartırma kursuna start verilmişdir. 18-26 okyabr tarixlərini əhatə edəcək ixtisasartırma kursunun açılış tədbirini giriş nitqi ilə institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev açaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq keçirilən ixtisasartırma kursları, dəyirmi masalar, seminarların mahiyyətinə toxunaraq diplomdansonrakı təhsilin müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi, ixtisasları üzrə yeni texologiyaların tətbiqinə yiyələnmələri və ixtisas biliklərinin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd etmişdir. Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış şəraitin müxtəlif ixtisaslar üzrə kadr hazırlığı ilə yanaşı, muxtar respublikanın ixtisasartırma və təkmilləşdirmə istiqamətində ehtiyyaclarının ödəməsinə əsaslandığını vurğulamışdır. Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış şərait və institutun kadr potensialı bu işin uğurla həyata keçirilməsinə imkan verir. Çapay Quliyev 2021-ci ilin birinci yarımilində ümumilikdə 15 adda müxtəlif ixtisasartırma kursu, konfrans, dəyirmi masa, seminar və kitab müzakirələrinin təşkil edildiyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil nazirliyinin ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov çıxışında bildirmişdir ki, dövlətimizin qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda bütün təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, müasir tələblərə cavab verən maddi texniki baza formalaşdırılmışdır. Yaradılmış şərait müəllimlərin iş fəliyyətinin müasir tələblər baxımından icrası və yeni nəslin dərin biliklərə yiyələnməsi üçün xüsusi imkanlar verir. Müəllimlərin yeni çağırışlara cavab veməsi onların ixtisas biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, innovativ bacarıqlara yiyələnmələrini özündə ehtiva edir. Bu baxımdan Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilmiş ixtisasartırma kursu çox əhəmiyyətlidir.
Sonra müdavimlər institutun Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxmış və institutun ixtisas üzrə tədris imkanları ilə tanış olmuşlar.
İxtisasartırma kursunda “Təsviri incəsənət və ifadə vasitələri”, “Sadə perspektiv anlayışlar”, “Qrafika və onun növləri. Həndəsi fiqurların çəkilməsi”, “Portret janrı və onun çəkilməsi yolları”, “Ebru sənəti”, “Heykəltaraşlıq və onun növləri”, “Dekorativ tətbiqi sənət. Xalçaçılıq sənəti”, “Təsviri incəsənət dərsinə verilən psixoloji tələblər”, “Təsviri incəsənət fənninin tədrisində İKT-dən istifadə imkanları” və s kimi mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb.
İlk dərs İncəsənət kafedrasının müdiri, sənədşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyevanın və kafedranın baş müəllimi Ləman Məmmədovanın “Təsviri incəsənət və ifadə vasitələri” mövzuda təqdimatında oldu.

Author

Azərbaycan dili AZ English EN