NAXÇIVAN  MÜƏLLİMLƏR  İNSTİTUTU

 

Naxçıvan Müəllimlər İnstitutunun əsası 13 iyun 2000-ci il tarixdə Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu ali təhsil ocağına müstəqil ali məktəb statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli Qərarı ilə verilmişdir.vÖzünün qarşıdan gələn 20 illik yubileyini qeyd etməyə hazırlaşan Naxçıvan Müəllimlər İnstitutunun istifadəsinə verilən ən müasir tədris kompleksinin 2018-ci ilin may ayında keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun altı mərtəbədən ibarət olan tədris kompleksində 23 adi və 20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı və 16 elektron lövhəli auditoriya yaradılmışdır. Bu müasir tədris komp­leksində ənənəvi və elektron oxu zalları olan kitabxana, 15 fənn kabinəsi, o cümlədən təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya və digərləri, rəngkarlıq və heykəltaraşlıq emalatxanaları, onlar üçün tədris fondları bütün zəruri inventarlarla təchiz edilərək professor-müəllim və tələbə kollektivlərinin ixtiyarına verilmişdir. Müəllim və tələbələr üçün ayrıca ictimai iaşə otaqları, tibbi xidmət otağı, “Məktəb” nəşriyyatının mətbəəsi fəaliyyət göstərir. Burada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və “Psixoloji xidmət” laboratoriyası yaradılmışdır. Binada 132 və 20 yerlik iclas zalları da var. Yeni tədris korpusunda tələbə və müəllimlərin istifadəsinə ümumilikdə 158 dəst fərdi kompyuter, 16 dəst noutbuk və proyek­torlar verilmişdir. Müasir standartlara cavab verən İdman zalı vardır.

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Həmkarlar İttifaqı komitəsi, Tələbə Gənclər Təşki­latı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Teatr Studiyası, Şən və Hazırcavablar Klubu, müxtəlif idman bölmələri, elmi dərnəklər və sairə tələbələrin sosial həyatının zənginləşdirilməsinə xidmət edir.

Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat, magistratura  səviyyələri üzrə kadr hazırlığı aparılır, habelə əlavə təhsil üzrə də fəaliyyət göstərilir. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə xidmət edir.  İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran hər bir dinləyiciyə vahid formalı sertifikat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli qərarı ilə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsində edilmiş dəyişikliklərə əsasən Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə bölmə yaradılmışdır.

Naxçıvan Muxtar respublikası Ali Məclisinin Sədri tərəfindən 14 mart 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun elmi dərəcəsi olan əməkdaşları muxtar respublikanın 23 ümumtəhsil məktəbində dərsləri uğurla keçirlər. Naxçıvan Müəllimlər İnstitutu nəzdində “Gələcəyin alimləri” layihəsinə start verilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Nazirliyin 30.04.2019-cu il tarixli 232 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutunda öz məzunlarına həmin əmrdə göstərilmiş ixtisaslar üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.

Naxçıvan Müəllimlər İnstitutunun təşkilati strukturu 2 fakültə, 7 kafedra və İxtisasartırma və yenidənhazırlanma bölməsindən ibarətdir. Naxçıvan Müəllimlər İnstitutu üçün vahid elmi problem – “Elm və təhsilin tarixi, nəzəriyyəsi və təlim texnologiyaları” olaraq müəyyənləşdirilmişdir. Hazırda 89 nəfər əməkdaş Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə əsasən Naxçıvan regional məsələlərinə aid  və digər ümumelmi 78 mövzu üzrə tədqiqat aparır.

Hazırda Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat səviyyə­sində əyani və qiyabi olaraq 11 ixtisas (“İbtidai sinif müəllimliyi”, “Ri­­yaziyyat və informatika müəllimliyi”, “Təsviri incəsənət müəl­limliyi”, “Mək­təbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Kitab­xanaçılıq və informasiya”, “Biologiya müəllimliyi”, “Xarici dil müəllimliyi” (Rus dili), “Xarici dil müəllimliyi” (İngilis dili), “Tarix müəllimliyi”, “Psixologiya”) üzrə 1300-dən artıq tələbə təhsil alır.

İnstitutda elmi-pedaqoji fəaliyyətlə məşğul olan 101 nəfər müəllimdən 6 nəfəri elmlər doktoru, 4 nəfəri professor, 42 nəfəri  fəlsəfə dok­toru, 36 nəfəri dosentdir.

İnstitutun “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıreyestrinə daxil edilmiş və beynəlxalq kod alınaraq  ildə dörd dəfə nəşr olunur. İnstitutda müntəzəm olaraq beynəlxalq, respublika və region səviyyəli elmi tədbirlər keçirilir.

Naxçıvan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri əsaslı şəkildə yenidən qurulur. Erasmus və Mevlana mübadilə proqramı üzrə elmi əməkdaşlıq etmək üçün layihələr üzərində işlər aparılmaqdadır. Eyni zamanda müəllim hazırlığı sahəsində dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələrin qurulması üçün layihələr hazırlanır.

Naxçıvan Müəllimlər İnstitutunda 2019/2020-ci tədris ilindən etibarən əcnəbi tələbələrin qəbuluna başlanmışdır. Əcnəbi tələbələr Türkiyə Cümhuriyyəti, Banqladeş və Nigeriya vətəndaşlarıdır.

İnstitutda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılmışdır. Bu laboratoriya institutda tələbələrin Startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir ki, bu da gələcək elmimizə gənc kadrların cəlbi baxımından mühüm əhəmiyyətə malikdir. Startap hərəkatına qoşulmanı optimallasdırmaq və operativ əlaqələrin qurulması məqsədilə İnstitutunun internet saytında startap layihələrin qəbulu ilə bağlı “İdeya bankı” fəaliyyət göstərir. “İdeya bankı”na innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilir.

Bu gün Naxçıvan Muxtar Respublikasında bakalavriat səviyyəsində İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə,  Təhsildə sosial-psixoloji xidmət, Psixologiya ixtisasları, magistratura səviyyəsində isə yuxarıda göstərilən üç ixtisas üzrə kadr hazırlığı yalnız bu ali məktəbdə aparılır. Bundan başqa, muxtar respublikadakı 3 ali məktəb arasında əlavə təhsilin bütün istiqamətləri üzrə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. İnstitutda ixtisasartırma və yenidənhazırlanma üzrə ayrıca bölmə vardır. Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində fəaliyyət göstərən orta ixtisas təhsili,   ümumtəhsil,  məktəbəqədər təlm-tərbiyə, məktəbdənkənar tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etmək üçün əlavə təhsilin göstərilən istiqamətləri üzrə sistemli iş aparmaq məhz bu ali məktəbə həvalə edilmişdir.

İnstitut əməkdaşlarının səmərəli fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Onun 10 və 15 illiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə yüksək səviyyədə qeyd olunmuş, bir sıra əməkdaşlar fəxri adlara və digər mükafatlara layiq görülmüşlər. Hazırda professor-müəllim heyətindən 5 nəfəri Azərbaycan Respublikasının əməkdar müəllimi, 9 nəfəri Naxçıvan Muxtar Respublikasnın əməkdar müəllimi, 1 nəfəri Naxçıvan Muxtar Respublikasnın əməkdar həkimi, 2 nəfəri Naxçıvan Muxtar Respublikasnın əməkdar mədəniyyət işçisi, 2 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamıdır. 2 nəfəri isə Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür.

Respublikanın ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Müəllimlər İnstitutunun strateji hədəflərindən biri rəqabətqabiliyyətli kadr hazırlığı sahəsində fəaliyyətini qlobal çağırışlara uyğun olaraq “Təhsil-tədqiqat-innovasiya” formatında qurmaqdan, ölkə qanunvericiliyinə uyğun şəkildə gələcəkdə “Tədqiqat universiteti” statusunu qazanmaqdan ibarətdir.